Adı hər zaman qürurla çəkiləcək çox dəyərli sənəd

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin fevralın 1-də keçilən iclasında müzakirə edilmədən alqışlarla qəbul olundu. O cümlədən Türkiyə Böyük Millət Məclisində fevralın 3-də keçirilən iclas zamanı Türkiyənin millət vəkilləri də bu bəyannaməyə böyük sevgi ilə səs verdilər. Əslində, bu, belə də olmalı idi. Şuşa Bəyannaməsinin parlamentlərimiz tərəfindən yüksək səviyyədə qəbul olunması ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Türkiyənin “Bir millət, iki dövlət” olmasını rəsmi sənədlə təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, məhz 100 il əvvəl belə bir sənədin qəbul olunmaması ölkəmizin başına böyük bəlaların gəlməsinə səbəb oldu. Belə ki, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə Azərbaycanın tərkibində Naxçıvan muxtar vilayəti yaradıldı və konkret sərhədlər müəyyənləşdirilərək təsdiqləndi. Bu da Naxçıvanın təhlükəsizliyinin təminatı demək idi. Əgər 100 il əvvəl Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun müttəfiqlik münasibətləri haqqında bir sənəd imzalansaydı, sonradan Azərbaycan torpaqlarının hissə-hissə Ermənistan tərəfindən işğalı prosesi baş verməzdi. Bu gün qüvvəyə minmiş bu tarixi sənəd Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı sayəsində ərsəyə gələrək, ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Həm də bu gün türklər “can Azərbaycan”, azərbaycanlılar isə “canım Türkiyə” deyirlər. Qeyd etmək olar ki, dünyada bir-birinə müraciətdə “can” sözü işlədən ikinci dövlətlər yoxdur.

“Şuşa Bəyannaməsi bütövlükdə regiona təhlükəsizlik və inkişaf gətirəcək. 44 günlük Vətən müharibəsi başlanan andan etibarən Türkiyənin Azərbaycanın yanında olması ölkəmizi xarici hərbi müdaxilələrdən qoruyaraq bizi inamlı Qələbəyə apardı. Bu gün torpaqlarımız 30 illik erməni işğalından azad olunub və müharibə bitib. Amma bundan sonra Azərbaycanla Türkiyə hərbi əməkdaşlığının davam etdirərək, xarici müdaxilələr baş verəcəyi təqdirdə, eyni mövqedən çıxış edəcəklər. Bu prosesin rəsmi sənədlə təsdiqlənməsi ölkəmizi gələcəkdə başvermə ehtimalı olan bütün problemlərdən sığortalayır. Bu, eyni zamanda, regionda uzunmüddətli sülhün formalaşmasına töhfə verilməsi deməkdir. Şuşa Bəyannaməsi müttəfiqlik haqqında sənəd olduğundan hərbi əməkdaşlıqla kifayətlənmir. Bu, həm də iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafına və möhkəmlənməsinə yeni təkan verir. Şuşa Bəyannaməsi ölkələrimizin əməkdaşlığının inkişafında yeni yol xəritəsidir. Bu yol xəritəsi Azərbaycan və Türkiyəni bir yumruğa, eyni mövqedən çıxış edən böyük bir gücə çevirir”, - deyə A. Badamov vurğulayıb.

Deputat əlavə edib ki, beynəlxalq platformalarda Türkiyə və Azərbaycan bir-birinin mövqeyini bütün istiqamətlərdə müdafiə edəcəklər. Bu o deməkdir ki, Azərbaycan və ya Türkiyədən birinin beynəlxalq tədbirlərdə iştirakı hər iki dövlətin iştirakı kimi dəyərləndirilir. Bu, həm də ölkələrimizə qarşı mənfi davranışların qarşısını alacaqdır. Şuşa Bəyannaməsi ölkələrimizin tarixinə qızıl hərflərlə həkk olunmuş, 100 illər sonra da gələcək nəsillərimiz tərəfindən adı qürurla çəkiləcək çox dəyərli sənəddir.