ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olan iki nəfər işləyə bilməz. Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.
Mütərəqqi addımdır və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun da özündə cəsarət tapıb atmalı olduğu, yaxud ondan tələb olunmalı məsələdir. Hazırda ADSEA-nın rəhbərliyində cənab Mikayılovun iki qudası var:
1. Aparat rəhbəri Fuad Quliyev.
2. Müşavir Əsəd Şirinov.
F.Quliyevin bir ailə üzvü də ADSEA-da mühüm postlardan birini tutur. Onun digər xeyli qohumunun, tanışının bu sistemə yerləşdirildiyi, biznes ortaqlarının tenderlərə cəlb olunduğu haqda mediada çox yazılıb.
Mətbuat həmçinin yazır və sirr də deyil ki, ADSEA-nın tabeliyindəki İri Şəhərlərin İçməli Su Təchizatı Xidmətinin rəhbəri Tahir Xəlilov isə Gəncə su idarəsinə qaynı - 28 yaşlı Ramil Abdurahmanovu (bir gün belə su sistemində işləməyib) rəis müavini təyin edib. T.Xəlilov həmçinin su sitemində əvvəllər işləməmiş xalası oğlu Sərxan Orucovu da Yasamal su idarəsinə rəis təyin edib.
ADSEA-nın Regional Su və Meliorasiya Xidmətinin rəhbəri Zakir Quliyev isə bibisi oğlu Elman Nuriyevi su sistemində mühüm vəzifəyə yerləşdirib.
Bunlar hələ bilinənlərdir.
Dövlətə qarşı sabotaj başqa necə ola bilər?!...