Ağdam rayonu da qısa zamanda cənnətə çevriləcək

İşğaldan azad olunan elə bir ərazimiz yoxdur ki, bu ərazilərdə erməni vandalizmi, erməni terroru həyata keçirilməsin. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonu da işğalına son qoyulan rayonlar arasında idi. Azərbaycan ordusunun gücü, döyüş meydanında qazanılan uğurlar, həm də düşünülmüş və uzaq görən siyasət nəticəsində Ağdam rayonu insan tələfatı olmadan Azərbaycana təhvil verildi. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

İşğaldan azad olunan digər ərazilərimiz kimi Ağdam rayonu da qısa zamanda cənnətə çevriləcək. Cənab Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı bu yöndə demişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır”. 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib. Bütün bunların fonunda onu demək olar ki, bir zamanlar inkişaf tempinə görə, Azərbaycanın inkişaf etmiş rayonları arasında yer alan Ağdam qısa zamanda öz keçmiş nüfuzunu bərpa edəcək.

İltizam Yusifov

Milli Məclisin deputatı