Üç ildir ki, Azərbaycanın ən qədim diyarlarından biri olan Ağdam şəhəri də digər bölgələrimiz kimi tam azadlığına qovuşub. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə qələbə qazandı. Döyüş meydanında əldə edilən uğur imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.
Beləliklə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da böyük sayda insan itkisinin qarşısı alındı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın azad olunasından 3 gün sonra bura səfər etdi. Şəhər tamamilə dağıdılmışdı, hər tərəf minalanmışdı.
Təsadüfi deyil ki, beynəlxalq KİV-lər şəhəri Qafqazın Xirosiması adlandırır. Bu da səbəbsiz deyil. Ali Baş Komandan Ağdama səfəri zamanı bildirdi ki, əslində ermənilər 1990-cı illərdə Ağdamı ona görə dağıtdılar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində “işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan tərəfi buna məhəl qoymadı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi.
İşğal dövründə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdamdakı Cümə məscidində olmuşdular. İki dəfə burada faktaraşdırıcı missiyalar keçirsələr də müsəlman abidələrinin təhir olunması ilıə bağlı bir dəfə də məsələ qaldırılmadı. Məsciddən hərbi məqsədlər və ya tövlə kimi istifadə olunamsına göz yumuldu. Təbii ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Nəhayət, tarixi ədalət 44 günlük müharibədə bərpa olundu.
Ağdamın hər qarışında 3 ildir Azərbaycan bayrağı dalğalanır. Ağdam cəmi 3 il ərzində, mina probleminə rəğmən ən inkişaf etmiş şəhərlərdən birinə çevrilməkdədir. Hər il 20 noyabr Ağdam şəhəri günü kimi qeyd olunacaq. Şəhərin Baş Planına əsasən, Ağdam tamamilə bərpa olunmaqdadır. Son 3 ildə şəhərdə yeni yollar çəkilib, yeni kəndlərin təməli qoyulub, yaşayış binaları, məktəb, xəstəxana, digər sosial obyektlər inşa olunub. Sənaye Parkı qurulub. Dini-tarixi-mədəni abidələr bərpa olunmaqdadır. Bir sözlə, Ağdam öz sahibləri tərəfindən əvvəlki simasına qaytarılır. Keçmiş məcburi köçkünlərimizin geri qayıtması, burada firavan və təhlükəsiz şəraitdə yaşaması üçün kompleks tədbirlər həyata keçirilir. Bundan sonra Azərbaycan bayrağı bütün bölgələrimiz kimi Ağdamda da əbədi dalğalanacaq.