“20 noyabr Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi rəmzi mənaya malikdir”.
Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan ədalətin bərpasını, tarixi həqiqətin qalib gəlməsini və milli iradənin gücünü qeyd edir:
“Ağdam 27 il müddətində erməni işğalının ağır nəticələrini yaşadı. 1993-cü ildə şəhərin işğalı zamanı törədilən dağıntılar, məqsədli şəkildə həyata keçirilən vandalizm və şəhərin yerlə-yeksan edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin Azərbaycan dövləti heç vaxt öz torpaqları ilə bağlı mövqeyindən, prinsipial tələblərindən geri çəkilmədi”.
Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 10 noyabr 2020-ci il üçtərəfli Bəyanat nəticəsində Ağdam bir güllə atmadan, Azərbaycanın güclü ordusu və siyasi liderliyinin yaratdığı reallıq sayəsində geri qaytarıldı:
“Bu, möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının, strateji düşüncəsinin və xalq-ordu-lider birliyinin parlaq nəticəsidir Artıq Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
“Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq salınan yeni infrastruktur, yol və enerji layihələri, sosial obyektlər, məskunlaşma planları Ağdamın gələcəyini tamamilə yeni bir mərhələyə aparır”.
Günay Ağamalı diqqətə çatdırıb ki, qarşıdan gələn illərdə Ağdam Qarabağın, o cümlədən bütün regionun iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcək:
“Ağdam Şəhəri Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edirəm. Biz bu şəhərin həm ağrılarını, həm də qürurunu birgə yaşadıq və yenidən dirçəlişinə birlikdə şahidlik edirik. Ağdamın dirçəlişi Azərbaycanın Zəfərinin davamıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin! Uca Tanrı dövlətimizi, xalqımızı qorusun!”