Deputat kommunikasiya sahələrinin açılmasından DANIŞDI

“Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş ilk baxışda texniki xarakterli görünsə də, əslində ölkənin gələcək iqtisadi siyasətinin mühüm elementlərindən biridir. Azərbaycan Qələbədən sonra yeni mərhələyə daxil olur və bu mərhələdə yalnız yollar, limanlar və nəqliyyat dəhlizləri deyil, həmin infrastrukturu işlədən insan kapitalı da həlledici rol oynayır. Sürücülər olmadan dövlətlərarası ticarət və logistika sisteminin səmərəli fəaliyyəti mümkün deyil".

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Belarusla imzalanan bu sənəd sürücülər üçün hüquqi və inzibati baryerləri aradan qaldırır, daşımalar üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan regional nəqliyyat və logistika mərkəzinə – “hub”a çevrilməyi hədəfləyir. Bu siyasətin əsasını Şərq–Qərb və Şimal–Cənub dəhlizləri, eləcə də gələcəkdə açılması gözlənilən Zəngəzur marşrutu təşkil edir.

Parlamentari deyib ki, Ermənistanla sülh gündəliyinin nəticəsi olaraq regionda kommunikasiyaların açılması yeni ticarət və tranzit axınları formalaşdıracaq. Bu şəraitdə sürücü çatışmazlığı və sertifikatlaşma problemləri aradan qaldırılmadan logistika potensialını tam reallaşdırmaq mümkün deyil. Azərbaycanda yüz minlərlə sürücülük vəsiqəsi olan vətəndaşın mövcudluğu bu sahənin böyük iqtisadi potensiala malik olduğunu göstərir. Təkcə yükdaşıma sektorunda minlərlə şirkət və on minlərlə peşəkar sürücü fəaliyyət göstərir.

Deputat vurğulayıb ki, bu saziş nəticəsində vətəndaşlar əlavə imtahan və inzibati prosedurlardan azad olur, əmək bazarı genişlənir, logistika şirkətlərinin fəaliyyəti asanlaşır və tranzit əməliyyatlarının səmərəliliyi artır.