Ağdaş rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Ağdaş rayonunun Aşağı Nemətabad və Qobuüstü kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov və təşviqat qrupunun üzvləri Şamil Abdullayev, Qalib Həsənov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, son 20 ildə xalqımızın milli maraqlarına xidmət edən siyasət həyata keçirilib, ölkəmizin davamlı inkişafı təmin edilib. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanıb və dünya ölkələri tərəfindən etibarlı tərəfdaş olaraq qəbul edilib. Natiqlər Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərdən də geniş bəhs ediblər. Görüşlərdə o da qeyd edilib ki, 7 fevral seçkiləri ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olacaq.

Görüşlərdə çıxış edən seçicilər də bildiriblər ki, onların seçimi dəyişməzdir və müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.