Agentliyin dəstəyilə “Xalçaçılığın təbliği, milli sərvətimizin qorunması” mövzusunda təlimlər keçirildi - FOTOLAR

"Xalça Dünyası Assosiasiyası" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xalçaçılığın təbliği, milli sərvətimizin qorunması” mövzusunda təlimlər keçirib.

Quba rayonunda icra olunan layihə çərçivəsində qədim xalçaçılıq peşəsinə marağı və həvəsi olan xanımların üçün nəzəri və praktiki təlimlər təşkil edilib. Təlimləri layihə rəhbəri, xalça ustası Fatimət Ağamirzəyeva keçib. Əsas təlim mövzuları qədim və unudulmaqda olan xalça naxışları, xalçaların daranması, iplərin seçilməsi və yuyulması, xalçaların qayçılanması, xalçalara ilmə vurma, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, xalçaların toxunma qaydaları olub.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlərdə Agentliyin layihələrin idarəedilməsi üzrə meneceri Xatirə Bəşirova iştirak edib.