Ali beynəlxalq medala layiq görülmüş azərbaycanlılar

Dünyada humanitar prinsiplərlə məramını quran və geniş fəaliyyət şəbəkəsinə malik olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 1912-ci ildə təsis etdiyi ən ali mükafatı Florens Naytingel medalının azərbaycanlı sahibləri də vardır. Əlbəttə, bu ödül barədə ictimaiyyətin çox az məlumatı var və bu da başa düşüləndir. Çünki, ictimaiyyətə bu haqda demək olar ki, heç bir məlumat verilməyib və bu medalın dünyada böyük nüfuz sahibi olmasından xəbərsizik.

Öncə Beynəlxalq Hərəkat barədə qısa arayış verim. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək məqsədi ilə yaradılmış beynəlxalq humanitar hərəkatdır. Fundamental prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə fəaliyyət göstərən və müstəqil olan bu hərəkat üç tərkib hissədən ibarətdir. Bunlar, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləridir. Bu üç qurumun hərəsinin öz missiyası və mandatı vardır. Beynəlxalq Qızıl Xaç Komitəsi dünyanın münaqişə yaşayan ölkələrində, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası isə fövqəladə hallar, təbii fəlakətlər zamanı humanitar missiyalarını həyata keçirirlər. Milli cəmiyyətlər isə yerli səviyyədə hər iki halda öz potensialından istifadə edərək fəaliyyət göstərir.

Bu Hərəkatın yaranma tarixçəsi çox maraqlıdır. 1859-cu ildə iş qurmaq üçün İtaliyaya səfər edən İsveçrəli iş adamı Andi Dünanın bu səfəri Avstria-Sardiniya müharibəsi dövrünə təsadüf edir. O, kiçik şəhər olan Solferinoya çatır və gördüyü mənzərə onu dəhşətə gətirir. Bir gün öncə baş vermis şiddətli döyüşdən sonra döyüş meydanında ümumilikdə 40000 cəsəd və yaralardan şiddətli əziyyət çəkən əsgərlərin şahidi olur. Onlara heç bir tibbi yardımın olunmamasını görərək yerli kəndlilərlə birlikdə heç bir ayrı-seçkilik qoymadan yaralılara kömək göstərilməsi işini təşkil edir. Cenevrəyə evinə qayıtdıqdan sonra Solferinoda görüklərindən təsirlənərək “Solferino xatirələri” adlı kitab yazır. Sonradan Anri dünanın rəhbərliyi ilə indiki adı Beynəlxalq Qızıl Xaç Komitəsi olan “Yaralılara yardım üzrə beynəlxalq komitə” yaradılır. Komitənin qətnaməsində yaralı əsgərlərə yardım üzrə milli cəmiyyətlərin yaradılması, yaralı əsgərlərə tərəfsiz yanaşma və onların müdafiəsi, döyüş meydanlarında yaralılara yardım etmək üçün könüllü qüvvələrdən istifadə olunması, bu konsepsiyalar işlək etmək üçün əlavə konfranslar təşkil etmək, döyüş meydanında tibbi heyəti qorumaq üçün üzərində qırmızı xaç olan fərqləndirici işarənin tətbiq olunması təsbit olunur. Bir il sonra 10 maddədən ibarət olan konvensiya qəbul olunur ki, bu da silahlı münaqişələr zamanı səhra tibb heyətinin, spesifik humanitar inistitutların və yaralı əsgərlərin ayrı-seçkilik olunmadan müdafiəsini müəyyən edən qaydalara zəmanət verirdi.

Müharibə gedən ölkələrdə şəfqətli tibb bacılarına ehtiyacı daha böyük olur. Bu baxımdan da orduda tibb xidmətinin formalaşması ciddi zərurətə çevrilmişdi. Ümumilikdə tibbi xidmətin əsası Florens Naytingelın XIX əsrdə müharibələrdə iştirakı götürülür. Florens Naytingel 12 may 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis sahibkarının ailəsində anadan olub. 20 yaşında artıq tibb bacısı olmaq arzusunu ailəsinə ifadə edərək, yeddi il özünü xəstələrə qulluq usullarının hazırlanmasına həsr edən Florens Britaniyanın hərbi nazirindən məktub alır. Məktubda Britaniya ordusunun hospitalların acınacaglı vəziyyətindən, şəfqətli tibb bacılarının olmamasından yazılmışdı. Florens bu məktuba cavab olaraq özü və 38 tələbəsi ilə birlikdə Türkiyəyə yola düşür. O zaman Rusiyaya qarşı müharibə elan etmiş İngiltərə və Fransa artıq Krıma çatmışdı. Qərb cəbhəsindəki ən çox ölüm Florensin gedəcəyi xəstəxanada idi. Ümumiyyətlə Florens Naytingelin tibb bacılığı dövrünün yüksəlişi və bütün diqqətlərin onun üzərində toplanmasının səbəbi Krım savaşı olmuşdu. Krım savaşında gecə-gündüz bilmədən fasiləsiz əsgərlərə baxdığı üçün əsgərlər Florens Naytinqelə "Çiraqlı qadın" adını vermişdilər. Bütün işçi heyəti axşam evə getdiyində o,əlindəki çiraqla xəstəxanada gəzirdi. Yaralı əsgərlər arasında Florens Naytingelın adı "Əlində çiraq olan xanım" olur. Florens Naytinqel 13 avgust 1910-ci ildə Londonda vəfat edib. Vəfatından iki il sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı olan Florens Naytinqel medalı təsis edilir.

102 illik şanlı tarixə malik olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan Florens Naytingel medalını qazanmışdır. Belə ki, cəmiyyətin 12 əməkdaşı bu medala layiq görülmüşdür. Onlardan beş nəfəri II dünya müharibəsi zamanı tibb sahəsində gösərdiyi xüsusi xidmətlərinə görə 1979-cu ildə layiq görülən Səriyyə Talışxanova, 1983-cü ildə təltif olunan Rəşidə Qasımzadə, 2005-ci ildə təltif olunan Qızbəs Əsədova, Dürrə Məmmədova-Kosmodemyanskaya və 2007-ci ildə ölümündən sonra layiq görülən Zəhra Məmmədovadır. Qarabağ müharibəsi zamanı tibb sahəsində göstərdiyi xüsusi xidmətlərə görə 2005-ci ildə layiq görülən Firuzə Əliyeva, cəbhə bölgəsində göstərdiyi şücaətə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindəki xidmətə görə layiq görülən Səadət Məmmədova, respublikada qan donorluğunun inkişafında, eləcə də Azərbaycan Qzıl Aypara Cəmiyyətində uzun müddətli səmərəli xidmətlərinə görə 2007-ci ildə layiq görülən Lamara Axundova, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının təbliğində xüsusi fəallığına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində və zavallı təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, qan donorluğunun inkişafında uzun müddətli səmərəli xidmətinə görə layiq görülən Gültəkin Qafarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində və zavallı təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində uzun müddətli səmərəli xidmətlərinə görə 2009-cu ildə layiq görülən Umleyla Aslanova, Vəfa Əmirova, cəbhə bölgəsində göstərdiyi şücaətə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindəki xidmətlərinə görə 2013-cü ildə Nürəddin Qaraşov bu medala layiq görülmüşlər. Ümid edirəm ki, COVİD-19, koronovirus pandemiyası və II Qarabağ müharibəsi zamanı zərərçəkmiş təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərən, qan donorluğunda fəal iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri və işçiləri bundan sonra da Beynəlxalq Hərəkata öz töhfələrini verəcəklər.

 

Emil Seyidəliyev,

Qeyri-hökumət təşkilatları üzrə ekspert