Ana dilimizə qayğı Ulu Öndərin milli dövlətçilik siyasətində mühüm yer tuturdu

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu müdrik sözlərin müəllifi Ulu Öndərimiz, dahi siyasətçi Heydər Əliyevdir.

Həm Sovet İttifaqı dönəmində, həm müstəqillik dövründə ölkəmizə rəhbərlik edən Heydər Əliyev azərbaycan xalqının, cəmiyyətinin inkişafı üçün həyatı zərurət təşkil edən hər bir sahəyə daima diqqət göstərmiş və hər zaman irəli doğru addımlar atmış, düşünülmüş, uzaqgörən qərarları ilə ölkəmizin inkişafının qarşısında duran maneələri bir-bir aşmışdır. Ümummilli Lider Heydər Əliyev 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Dahi rəhbərin həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq 1970-ci illərdə ölkəmizdə ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirilmişdi. Məsələn, qeyd edə bilərik ki, 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüşdü.

Ulu öndərin Azərbaycan dilinə xüsusi qayğı və yanaşmanın ən bariz nümunəsi kimi, Heydər Əliyevin ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Belə ki, SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Uzaqgörən lider Heydər Əliyev isə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı.

50-ci illərdə, eləcə də ondan əvvəlki dövrlərdə SSRİ-də “milliyətçi” və “şovinist” epitetlərinin müşahidəsi ilə SSRİ rəhbərliyinin törətdiyi repressiyaları, cinayətləri və sürgünləri nəzərə alsaq aydın olar ki, dahi rəhbər bu mübarizədə nəinki öz siyasi karyerası, həmçinin öz həyatı ilə risk edirdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.

Konstitusiyanın 73-cü maddəsində qeyd edilirdi - Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun һərtərəfli inkişafına dövlət qayğısı göstərir. Ulu öndərin aşağıdakı ifadələri bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Daim konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atıb. 1993-cü ildə qardaş qırğını və vətənin parçalanamsının qarşısına keçməklə bir daha öz üzərinə düşən müqəddəs borcu yerinə yetirən Ulu Öndər, ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı ən ümdə məsələləri tədricən həll etdikdən sonra, doğma ana dilimiz – azərbaycan dilinin inkişafı və cəmiyyətin bütün sahələrində özünə yol açması üçün çalışmalara başlamışdı.

1994-cü ildə ölkəmizin xilaskarı Heydər Əliyev deyirdi - “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.”

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca maddə daxil edilmişdir.

Daha sonra isə 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Milli dövlətçilik ideyasını sönməyə qoymayan Heydər Əliyev siyasətinə xalqımızın qarşılığı Ulu Öndərə olan dərin sevgi və inam hissi olmuşdur. Həmrəliyin təmin edilməsi, milli ruhun yüksəlməsi, ana dilimizə göstərilən qayğı və diqqət, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması uğrunda Heydər Əliyevin gördüyü işlər millətimiz tərəfindən yüksək qiymətləndirilmiş və xalq öz böyük oğluna Ümummilli Lider adını layiq görmüşdür.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov