Ana dilimizin qorunması hər birimizin borcudur

“Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”. Ulu Öndər Heydər Əliyev bu sözləri 6 fevral 2003-cü ildə TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərini qəbul edərkən bildirmişdi.

Həqiqətən də, dil hər bir xalqın milli kimliyidir, qiymətli sərvətidir. Dünyada 5 minə yaxın dil olsa da, onların 200-ə yaxını rəsmi dövlət dilidir. Biz xoşbəxt xalqlardanıq ki, dilimizi qoruyan, yaşadan dövlətimiz var. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan türkcəsi Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış, dövlətlər qurmuş türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır, inkişaf edir.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti, siyasətidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Doğrudan da, vətənpərvərliyin başlıca şərtlərindən biri Ana dilini bilmək və sevməkdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ana dili ilə yanaşı, əlifba da hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən biri, milli mənəvi sərvətidir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində bir neçə dəfə dəyişdirilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında mümkün oldu. Kiril qrafikalı əlifba dəyişdirildi, Azərbaycan dili dövlət dili kimi qanuniləşdirildi və onun daha fəal işlədilməsi, genişləndirilməsi təmin edildi.

Görkəmli alimimiz Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il avqustun 1-də  Azərbaycan Əlifba Komissiyası yaradıldı və o, komissiyanın sədri təyin edilib. Azərbaycanın yeni müstəqil əlifbasının yaradılmasında Afad müəllimin böyük xidmətləri olub.

Təbii ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi olmasaydı, Ana dilimiz müxtəlif təsirlərə məruz qalardı və yaradılmış süni maneələr onu sıradan çıxarardı.

Ulu Öndər hər zaman Ana dilinə böyük əhəmiyyət, qiymət verib. Onun bu dillə bağlı etdiyi çıxışlar bu gün də öz aktuallığını qoruyub saxlayır.

 “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” - Ulu Öndər Heydər Əliyev deyirdi.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır.

 Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı.

Biz də bir vətəndaş olaraq ölkə rəhbərliyinin Ana dilimizlə bağlı çağırışlarına qoşulmalı, onu qorumalı, yaşatmalı və zənginləşdirməliyik.

Mətanət Səfərli

YAP Nəsimi Rayon təşkilatının əməkdaşı