27 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusundaBeynəlxalq Elmi Konqres keçirilib.
Konqresin rəsmi açılış hissəsi başlamazdan öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.
Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Konqres iştirakçıları Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Konqresin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova, TƏBİB-in İcraçı direktor müavini Anar İsrafilov, Azərbaycan Tibb Universitetinin I Mama-Ginekologiya kafedrasının müdiri Elmira Əliyeva çıxış ediblər, tədbir iştirakçılarını salamlayaraq, konqresin işinə uğurlar diləyiblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında bildirib ki, Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu olmuşdur, eyni zamanda Ulu öndər ana və uşaq sağlamlığı ilə bağlı məsələlərə həmişə xüsusi diqqət yetirmiş, bu sahə daim onun nəzarəti və qayğısı altında olmuşdur.
C.Məmmədov konqresdə müzakirə ediləcək bir sıra aktual mövzular: uşaqlıq boynu xərçənginin profilaktikası, vaxtından əvvəl doğuşlar, əhalinin yaşlanması, onun tərkibində yaşlı və ahıl insanların payının artması, menopauza dövründə qadınlara keyfiyyətli və adekvat tibbi xidmətin göstərilməsi haqqında ətraflı məlumat verib. Rəsmi açılış hissəsindən sonra əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
"Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresin “Müasir mama-ginekologiyanın aktual problemləri” başlığı altında keçirilən konqresin I paneli “Servikal skrininq və kolposkopiya: Yerli və beynəlxalq təcrübə”, II paneli “Uroginekologiyaya müasir baxış” və III paneli “Menopauzanın idarəedilməsi: Yerli və beynəlxalq təcrübə” mövzularına həsr edilib. Panellərdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinlənilib.
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Sədi Allahverdiyev birinci paneldə “Uşaqlıq boynu lokalizasiyalı miomalara cərrahi yanaşma” mövzusunda Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov II paneldə “Qadınlarda sidik saxlamamanın müalicəsi. Azərbaycanda mövcud tendensiyalar” mövzusunda, Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova III paneldə “Genitourinar menopauza sindromu: müasir müalicə üsulları (estetik prosedurlar və lazer) mövzusunda təqdimatlarla çıxış ediblər. Sual-cavab sessiyasında məruzələr ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər qatılıblar.
Konqres çərçivəsində 27 noyabr tarixində “Doğum zalında neonatal reanimasiya” kursu keçirilib. Kursda Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının Prof., Dr. Merih Çetinkaya “Doğum zalında neonatal reanimasiya-nələrə diqqət etməliyik?” və Ankara Universiteti Tibb Fakültəsinin professor, Neonatologiya Cəmiyyətinin üzvü, Dr.Ömer Erdeve “Praktik vərdişlər” mövzularında master-klass nümayiş etdiriblər. Konqres işini noyabrın 28-də “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda davam etdirəcək.
Xatırladaq ki, konqres çərçivəsində “Müasir mama-ginekologiyanin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans 7 DTT, 28 noyabr tarixində keçiriləcək “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda Beynəlxalq Elmi Konfrans 8 DTT ilə qiymətləndirilib. O cümlədən Konqres çərçivəsində Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçiriləcək "Doğum zalında neonatal reanimasiya" və "Kolposkopiya" kursu 5 DTT balına layiq görülüb.