“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı və TrainBrain-in məkan dəstəyi ilə gənclər üçün maarifləndirici görüş keçirilib.
“Gəncliyin səsi, dövlətin nəbzi” mövzusunda baş tutan tədbirin qonağı AK Parti Bursa millət vəkili Osman Mesten olub. Görüş zamanı müasir dövrdə gənclik siyasətinin prioritet istiqamətləri, gənclərin dövlət idarəçiliyində aktiv iştirakı və ictimai proseslərdə rolunun artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən “Bir Təbəssüm” VTYİB-nin sədri İbrahim İbrahimli gənclərin milli dəyərlərə bağlı, savadlı və təşəbbüskar ruhda formalaşmasının vacibliyini vurğulayıb. O bildirib ki, gənclərin dövlətçilik ideyalarına sadiq yetişməsi, eyni zamanda beynəlxalq təcrübədən yararlanması gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır.
Qonaq Osman Mesten isə öz çıxışında Türkiyədə gənclərlə bağlı həyata keçirilən siyasət, parlament fəaliyyəti çərçivəsində gənclərin iştirak imkanları və bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat verib. O, Azərbaycan gənclərinin fəallığını yüksək qiymətləndirərək belə platformaların əhəmiyyətini xüsusi qeyd edib.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.