AP-nin məkrli oyunu: Cənubi Qafqazda gərginlik ocağının sönməsinə imkan vermirlər

Avropa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə əks olunan fikirlər əsassız olduğu kimi qərəzlidir
 
 
  Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi qərəzliliyi, hadisələri və faktları tam formada təhrif etməsi ilə bütün mümkün ölçüləri aşıb. Nəzərə alaq ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayıb, təxminən 12 faiz ərazimizi 1,5 milyon mina ilə çirkləndirib, torpaqlarımızı işğal edən zaman 1 milyona yaxın azərbaycanlı mülki əhalini qovmaqla etnik təmizləmə həyata keçirib. Ermənistandan qovulmuş 300 min azərbaycanlı bu gün də öz doğma evlərinə qayıda bilmir. Bütün bunlara rəğmən, Avropa Parlamenti işğalçı Ermənistan əleyhinə yox, təcavüzə məruz qalmış Azərbaycana qarşı qətnamə qəbul edib. Olmayan "etnik təmizləmə"dən, "hərbi əsirlər"dən danışır. Halbuki Avropa Parlamentinin qətnaməsində “müharibə əsirləri” adlandırılan şəxslər Xocalı, Malibəyli, Quşçular, Başlıbel, Ballıqaya, Qaradaglı, Ağdaban və digər yerlərdə azərbaycanlı mülki əhaliyə qarşı qətliamları törədənlər, mülki insanlara qarşı hərbi hücumlara əmr verənlər və terrorizmi dəstəkləyən şəxslərdir. Qətnamə Ermənistandakı revanşist qüvvələrin maraqlarına tam şəkildə uyğun gəldiyindən onlar bu sənədi özlərinə dəstək siqnalı kimi qəbul ediblər. Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlbəttə, indiki məqamda bu addımlar kövrək etimad tədbirlərinə və Azərbaycanla Ermənistan sülh sazişi ilə bağlı danışıqlara ciddi zərbədir. Avropa Parlamenti öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməkdən əl çəkməlidir. Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürməkdən imtina etməlidir. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilməsinə, daxili işlərimizə müdaxilə cəhdlərinə son verməlidir. Bunlar azmış kimi Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur. Bununla da, həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir. 
 
  Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a eyib ki, Avropa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə əks olunan fikirlər əsassız olduğu kimi qərəzlidir. Deputat bildirib ki, bu cür cəhdlər son zamanlar Azərbaycana qarşı intensiv xarakter alan təbliğat kampaniyası fonunda gözləniləndir: 
 
"Həmişə olduğu kimi, bu dəfə də ikili standartlar, selektiv yanaşmalar özünü göstərir. Avropalı parlamentarilər, 30 il ərzində bir milyon insanın haqlarını görməzdən gəlir, qonşu ölkənin torpaqlarını işğala məruz qoyan, əraziləri xarabazara çevirən Ermənistana qarşı nəiniki qətnamə, ümumiyyətlə, xəbərdarlıq belə edilmir. Bütün bunlar, insanlarımızda Qərb dairələrinə qarşı inamsızlıq yaradır. Xalqımız başa düşür ki, qətnamələr, müxtəlif platformalarda təşkil olunmuş müzakirələr, KİV-dəki sifarişli yazılar, vahid mərkəzdən idarə olunur, bir məqsədə xidmət edir. Məqsəd Azərbaycanı təsir altına salmaq, Ermənistanı gücləndirməklə məğlub durumdan çıxarmaq və Cənubi Qafqazda gərginlik ocağının tam sönməsinə imkan verməməkdir. Beləliklə, Ermənistanla Azərbaycan arasında tarixi münaqişə davam edir və "erməni məsələsi" beynəlxalq gündəlikdə qalır". 
 
  Parlamentari qeyd edib ki, "zərurət" yarananda beynəlxalq təşkilatlar "erməni məsələsi"ni həm Azərbaycan, həm də Türkiyə əleyhinə istifadə edirlər: 
"Avropalıların ermənidən daha çox ermənilik etmələrinin əsl səbəbi budur. Yeri gəlmişkən, Fransa Prezidenti Makron ölkəsində yaşayan erməni diasporası ilə görüşdə özü etiraf etmişdi ki, erməni məsələsini Paşinyandan çox qaldırır. Onun sözləri bir daha sübut edir ki, qlobal güclər ermənilərdən alət kimi istifadə edirlər, şübhə yox ki, gələcəkdə də edəcəklər. Siyasətdə heç nə dəyişmir, olduğu kimi qalır. Buradan toplum olaraq çıxaracağımız bəzi nəticələr var. Biz bunlara hazır olmalı və maksimum çalışmalıyıq. Elə etməliyik ki, bədxahların əlinə az arqument verək".