Aqil Abbas seçicilərlə görüş keçirdi- FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Xətai rayonunda yerləşən 46 nömrəli tam orta məktəbdə Füzuli rayonundan olan seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aqil Abbas deputat fəaliyyəti barədə danışaraq bildirib ki, bu illər ərzində seçicilərinin ona etimadını doğrultmaq üçün çalışıb: “Bu illər ərzində sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım”.

Aqil Abbas bildirib ki, Füzulilər yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur. A. Abbas bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük işləri, ölkəmizin inkişafını hər bir Azərbaycan vətəndaşı, o cümlədən Füzulilər öz həyatlarında hiss edirlər. Son illər ərzində məhz bu dəstək nəticəsində Füzulidə həyata keçirilən böyük layihələrə toxunan Aqil Abbas bildirib ki, bununla yanaşı öz həllini gözləyən problemlər də var və onların həlli ölkəmizin daha da inkişafından keçir ki, biz hamımız birlikdə buna çalışmalı, özəlliklə böyük və kiçikliyindən asılı olmayaraq hər bir vəzifə sahibi yerlərdə insanlarımıza daha da yaxşı xidmət göstərilməsi istiqamətində səyləri daha da artırmalıdır.

Görüşdə çıxış edən Füzuli sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində böyük uğurlar əldə etdiyini, seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndiriblər. Bildiriblər ki, sentyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində Aqil Abbasa səs verəcəklər.

Sonda seçicilər bildirib ki, A. Abbas bu müddət ərzində nəinki Füzulili seçicilərin, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük etimadını qazanıb: "Aqil Abbas, siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək. İnanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız".