85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Hindarx qəsəbəsində seçicilərlə görüşüb.
Sabahinfo.az xəbər verir ki,görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəsəbə sakinlərinin qatıldığı görüşdə namizəd deputatlıq fəaliyyəti barədə danışıb: "Bu illlər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım".
Hindarx sakinlərini narahat edən problemlərin xeyli hissəsinin öz həllini tapdığını deyən A.Abbas qeyd edib ki, ölkəmiz gücləndikcə digər problemlər də öz həllini tapacaq. Aqil Abbas ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bunun beynəlxalq siyasətdən də yan keçmədiyini qeyd edib.
O, bildirib ki, deputatlıq fəaliyyəti dövründə Hindarx qəsəbə sakinlərinin çoxsaylı müraciətləri cavabsız qalmayıb. Sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubuna cavab verilib və bu məktublarda əksini tapan məsələlər öz müsbət həllini tapıb.
A. Abbas gənclər arasında təhsilə daha böyük marağın yaranması istiqamətində həyata keçirilən layihələr nəticəsində Hindarx qəsəbəsi də daxil olmaqla, Ağcabədi rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Aqil Abbas müxtəlif mövzular üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanıb.
A. Abbas seçicilərin iş, yol, su, qaz, bağça, pensiya, məhkəmə işi və s. ilə bağlı qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlayacağına söz verib.
Görüşdə çıxış edən onlarla qəsəbə sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində böyük uğurlar əldə etdiyini, seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiriblər. Bildiriblər ki, sentyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində Aqil Abbas səs verəcəklər.