“Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına sədrliyinin artıq ilk ilindən bu təşkilatın nüfuzunun yüksəlməsinə və eyni zamanda da bütün bəşəriyyətin rifahına xidmət edən önəmli töhfələr verməyə başlayıb. Məlum olduğu kimi, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi təşkilata üzv dövlətlərin yekdil qərarı ilə 2019-cu ildən 2022-ci ilə qədər öz üzərinə götürüb. Elə həmin il dünya ölkələri bütün bəşəriyyəti təhdid edən COVID-19 pandemiyası ilə necə mübarizə aparacaqları barədə çaşqınlıq içərisində olarkən məhz Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə bu ölümcül təhlükə ilə mübarizədə qlobal səylərin birləşdirilməsinin əsas təşəbbüskarı oldu. Hərəkatın Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, ölkəmiz Hərəkata sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub. Bundan başqa, Azərbaycan həmçinin Qoşulmama Hərəkatının institusional inkişafına önəmli töhfələr verib. Bu baxımdan Azərbaycanın təşkilata sədrliyinin növbəti nailiyyətləri kimi 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsinin və 2022-ci illərdə Gənclər Təşkilatının yaradılmasını qeyd etmək olar. Bütün bu uğurlar ona səbəb olmuşdur ki, yenə də üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-ilin sonuna qədər uzadılmışdır. Lakin Azərbaycan hər zaman olduğu kimi, artıq əldə olunan nailiyyətlərlə kifayətlənmir. Bu gün yenə də ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması istiqamətində çalışmalar aparılır. Möhtərəm dövlət başçımızın dediyi kimi, institusional davamlılığa doğru atılan bütün bu addımlarla Azərbaycan növbəti sədrlərə uğurlu bir miras qoyacaq”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra Prezident İlham Əliyevin multilateralizmin əsl müdafiəçisi kimi Qoşulmama Hərəkatının yenidən formalaşan dünya düzənində öz yerini tapmalı və möhkəmləndirməli olduğu barədə səsləndirdiyi fikirlərin əhəmiyyəttini vurğulayan deputat bunları deyib: “Həqiqətən də Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşması prosesində aparıcı mövqelərdən birinə sahib olmaq üçün bütün imkanlara malikdir. Bu məqsədə çatmağın real yolunu isə cənab Prezident İlham Əliyev öz çıxışında konkret təklifləri ilə aydın şəkildə cızmışdır. Dövlətimizin başçısı bunun üçün ilk növbədə təşkilata üzv ölkələrin “Bandunq prinsipləri” üzərində qətiyyətlə durmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səslərini ucaltmalı olduqlarını qeyd etmişdir. Artıq heç kim üçün sirr deyil ki, bu gün beynəlxalq hüquq demək olar ki, tamamilə qeyri-işlək bir vəziyyətə gəlmişdir. İkinci dünya müharibəsindən sonrakı dövrdə dünyada sülhün və ədalətin qorunması üçün təsis olunmuş beynəlxalq təşkilatlar isə getdikcə daha çox öz nüfuzlarını və qlobal hadisələrə təsir imkanlarını itirirlər. Bunu BMT Təhlükəsizlik Şurasının timsalında ən bariz şəkildə görmək olar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, bu gün BMT bəşəriyyətin gözləntilərinə cavab vermir və bu təşkilatda ciddi islahatların aparılması qaçılmazdır. O cümlədən dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının funksionallığının bərpa olunması üçün bu orqanda daha çox ölkənin təmsil olunmasının vacibliyini vurğuladı.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı bu gün Fransada gedən proseslərin artıq öz daxili sabitliyini təmin edə bilməyən dövlətlərin qlobal sülhün və ədalətin təminatçısı kimi çıxış etmək imkanlarının çoxdan tükəndiyini nümayiş etdirən mühüm amil olduğunu vurğulayıb: “Bu gün Fransa özünü Avropada və dünyada demokratik dəyərlərin daşıyıcısı, insan azadlıqlarının əsas təminatçılarından biri kimi təqdim etmək cəhdlərinə hələ də davam edir. Lakin bu ölkənin daxilində gedən proseslər artıq Fransa dövlətinin əsl simasının açılmasına, xüsusilə də prezident Makronun destruktiv və mürtəce siyasətinin ifşasına güclü təkan vermiş oldu. Hələ də neokolonializmi yaşadan Fransa heç bir halda demokratiyanın müdafiəçisi ola bilməz. Cənab Prezident İlham Əliyevin dediyi kimi, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi və Cənubi Qafqaz regionunda xarici hərbi mövcudluq təcrübəsini tətbiq etməyə çalışması bu gün heç kim üçün sirr deyil. Halbuki Makron hakimiyyəti öz səylərini daxili sabitliyin bərqərar olunmasına, öz vətəndaşlarının problemlərinin həllinə yönəltsəydi, Fransa ola bilsin ki, bu gün düşdüyü vəziyyətə gəlib-çıxmaz, ölkədə irqçilik və islamofobiya mediada, rəsmi dövlət strukturlarında, o cümlədən hüquq-mühafizə orqanlarında və hətta parlamentdə dərin köklər salmazdı”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.