AQSİA ilə Təhsilin İnkişaf Fondu arasında görüş keçirilib - FOTO

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təhsil sahəsində sahibkarlıq subyekti olan üzvləri ilə Təhsilin İnkişaf Fondu (TİF) arasında görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun yaranma tarixi, prioritet sahələri, 2024-cü il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə AQSİA İdarə Heyətinin üzvü Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzinin direktoru Təranə Paşayeva da iştirak edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva görüşün əsas məqsədinin AQSİA-nın təhsil sektorunda olan sahibkar xanımlarla Təhsilin İnkişaf Fondu ilə tanışlığı, eləcə də təhsil sahəsində birgə layihələrin müzakirəsi üçün bir araya gəlməsi olduğunu bildirib.

Müzakirələr zamanı maraqlı fikirlər irəli sürülüb, gələcək əməkdaşlıqla bağlı təkliflər danışılıb. Təhsil sektorunda olan sahibkar xanımların öz layihələrini bərabərləşdirərək Təhsilin İnkişafı Fonduna təqdim edəcəkləri razılaşdırılıb.

Yığıncağın sonunda Elnur Nəsibov Fondun özəl sektorla, sahibkarlarla əməkdaşlığa hər zaman açıq olduğu, birgə əhəmiyyətli layihələr görülə biləcəyini və bu görüşlərin ənənəvi olma istəyini bildirib.