Artan iqtisadi gəlirlərimiz Böyük Qayıdış proqramının icrasını daha da sürətləndirəcək

“2024-cü il dövlət büdcəsi haqqında” Qanunda edilən dəyişiklikdən sonra bəlli oldu ki, Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq və “Böyük Qayıdış” proqramının icrası üçün 1 milyard 160 milyon manat vəsait ayrılıb. Büdcə xərclərinin əsas xərc istiqamətlərindən biri kimi, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prioriteti müəyyənləşdirilməsi olduqca doğru addımdır. Çünki bu ilin icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Büdcəyə yenidən baxılmanı şərtləndirən əsas amillərdən biri də məhz Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması idi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatına ehtiyac vardı. Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün ayrılan 4 milyard manat vəsait nəzərdə tutulan işlərin görülməsi üçün kifayət deyildi. Məbləğin daha da artırılması sosial-iqtisadi zərurətdən irəli gəldi. Təbii ki, büdcənin xərc istiqamətlərində də Böyük Qayıdışın əsas prioritetlərdən biri kimi müəyyənləşdilməsi isə heç də təsadüfi deyil. Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasının ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələri olmuşdu. Ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yüngülləşdirilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırlıması siyasətinin əsasını 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev qoyub. 1998-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Heydər Əliyevin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirildi. Dövlətimizin başçısı ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirirdi.

44 günlük müharibədə qazanılan Böyük Zəfər sayəsində məcburi köçkünlərimizin doğma yurd yerlərinə dönmələrinə imkan yarandı. Hazırda Azərbaycan dövləti soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. İşğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsi 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün Azərbaycanın müəyyənləşdirdiyi beş mühüm prioritetdən birini təşkil edir. 2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Artıq keçmiş məcburi köçkünlərimiz Zəngilan, Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə mərhələ-mərhələ geri dönür. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, dövlət başçısınının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda, bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək.

Azərbaycanın artan iqtisadi gəlirləri, büdcəsi imkan verir ki, dövlətimiz qarşısına qoyduğu bu meqa layihəni uğurla icra etsin. Heç bir dövlətdən, maliyyə qurumundan kredit götürmədən, kömək istəmədən görülən bu nəhəng işlər həm də dövlətimizin gücünün göstəricisidir. Aparılan iqtisadi-siyasətin kökündə, mərkəzində Azərbaycan vətəndaşı – onun sosial durumunun yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, sülh və sabitlik şəraitində yaşaması dayanır.

FUAD HÜSEYNZADƏ

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.