Arvadının boğazını kəsərək 19 bıçaq zərbəsi endirən şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin gəldiyi nəticəyə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Rəşad Rüstəmov ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, hadisə 26 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Sabirabad rayonu Qalaqayın kəndində qeydə alınıb. Belə ki, Rəşad Rüstəmov şizofreniya simptomları ilə müşayiət olunan kəskin polimorf psixoloji pozuntu formasında psixi xəstəlik keçirməsi ilə əlaqədar anlaqsız vəziyyətdə olduğundan, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı halda 1994-cü il təvəllüdlü həyat yoldaşı Fərqanə Yaşar qızı Rüstəmovanın ona cadu etdirməsini düşünərək qisas almaq niyyəti ilə qadını öldürmək qərarına gəlib. Daha sonra təqsirləndirilən şəxs hamam otağında bıçağı arvadının boğazına dirəyib, ona cadu etdirən şəxsin adını deməsini tələb edib. Rəşad zərərçəkmiş şəxsin cavab verməməsini görüb qadının boğaz nahiyəsinə bıçaq zərbəsi endirərək yerə yıxıb. Həmin vaxt Fərqanə yalvararaq ondan əl çəkməsini xahiş etsə də o buna əhəmiyyət verməyərək, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, xüsusi əzab və işgəncə verməklə qadının bədəninin müxtəlif nahiyələrinə 19 dəfə bıçaq zərbəsi endirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.