Astara seçiciləri YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonu Şahağacı kəndində seçicilərlə görüşü keçirilib.

Görüş Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov vurğulayıb ki, indiyə qədər keçirilən parlament seçkilərinin hər birində böyük üstünlüklə YAP üzvləri qalib gəlib: “Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir”. Təşkilat sədri YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına əmin olduğunu qeyd edib. 

 

Çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. R.Mahmudov çıxışında qeyd edib ki, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi: “Xüsusilə də son illərdə respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan parlaq qələbə tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olundu və budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır”.

Rəşad Mahmudov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Elnur Rüstəmov və seçicilər çıxış ediblər. Çıxış edənlər seçicilərin YAP-ın namizədinə səs verəcəklərinə və öz növbəsində Rəşad Mahmudovun da onların etimadını doğruldacağına əmin olduqlarını qeyd ediblər.