Atası tərəfindən güllələnən şəxs danışdı: “Təsadüfən dəydi” - YENİLƏNİB

Bu gün Daşkəsən rayonunun Astaf kəndindəki meşədə Gədəbəy sakini Elfaq Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Kürək nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilən Elfaq Abbasov “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Atamla mübahisəm düşməyib. Astaf kəndi meşəlik ərazidir. Orada mal saxlayırıq. Səs gəldi, elə bildik çaqqal-canavardır. Atam ov tüfəngi ilə atəş açanda təsadüfən mənə dəydi. Yəni ehtiyatsızlıqdan baş verib. İçkili də olmamışam”.

Məlumat üçün bildirək ki, Abbasovlar ailəsi əslən Gədəbəy rayonundandır. Onlar uzun müddətdir çobanlıqla məşğul olur. Yaralı 36 yaşlı Elfaq Abbasovun müalicəsi Gəncə Birləşmiş Təcili Yardım Xəstəxanasının cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Elfaq Abbasovu güllələməkdə şübhəli bilinən zərərçəkənin atası, 1963-cü il təvəllüdlü Qəşəm Abbasov saxlanılıb. Saxlanılan şəxs hadisəni sərxoş halda törətməsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:14

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Astaf kəndindəki meşədə qeydə alınıb.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə vurulub.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.