AVCİYA-nın 2022-ci ildə fəaliyyətinin əsas prioriteti barədə bəyanatı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 31 Dekabr 2021-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrik müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi və 5 yanvar tarixində bu haqda Sərəncam imzaladı.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz Qarabağın tacı, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan müqəddəs Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işğaldan azad etdi. Müqəddəs Şuşanın 28 illik işğaldan azad edildiyi gün tariximizə Zəfər Günü kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdi. Nəhayət, 2022-ci ilin “Şuşa ili” elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhərinə verilən ən böyük önəmin və dəyərin göstəricisi hesab edilməlidir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd edildiyi kimi, “bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

 

AVCİYA fəaliyyətdə olduğu dövrdə vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə layihələr icra etmişdir. Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutmuşdur.

 

AVCİYA qeyd edilənlər kontekstində 2022-ci ilə nəzərdə tutulmuş layihələri “Şuşa ili” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara alıb.

 

Hörmətlə,

Elxan Süleymanov,

AVCİYA prezidenti