Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində məruzəçi Eduard Kukanın hazırladığı "Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə layihəsi qəbul edilib.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin məlumatına görə, qətnamədə qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunub, bu ərazidə mövcud həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişikliyə əngəl törətdiyi vurğulanıb.
Sənəddə qonşuluq siyasətinin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin (həm Şərq, həm də Cənub istiqamətində) həllində Avropa İttifaqının daha fəal rol oynamasının vacibliyi qeyd edilir. Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusi vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Qətnamədə bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur, eləcə də Avropa Qonşuluq Siyasətinin bu prinsiplərə töhfə verməklə yanaşı, onları dəstəkləməsinin vacibliyi vurğulanır.
Həmçinin qeyd olunur ki, qətnamə Avropa Parlamentinin bundan əvvəlki (2013-cü il 23 oktyabr) qətnaməsinə istinad edib və burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunub.
"Şərq Tərəfdaşlığına üzv bir ölkəsinin digərinin ərazisini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”, - deyə qətnamədə vurğulanıb.