“Avropa təşəbbüsləri sanki regiona missiyaların göndərilməsinə hesablanmışdı”

“Türkiyə Prezidenti cənab Rəvəb Tayyib Ərdoğanın artıq ikinci dəfə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş hava limanının açılışında iştirak etməsi tarixi hadisədir. Bu, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti dəfə nümayişidir”.

Musavat.com xəbər verir ki, deputat Elşad Mirbəşir bu sözləri parlamentdəki çıxışında söylədi. Bildirdi ki, bu, həm də vacib amildir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, Azərbaycana qarşı ədalətsiz davranmaq istəyənlər bu amili nəzərə almalıdırlar. Bu gün yenə də Azərbaycana qarşı ədalətsiz davranmaq, təxribatlar törətmək cəhdlərini görməkdəyik. Avropa İtiifaqının Ermənistana gönsərilən missiyasının tərkib sayı və onun qalma müddəti ətrafındakı spekulyasiyalar aydın nümayiş etdirir ki, bu missiya sanki ATƏT-in Minsk Qrupunun Azərbaycan üçün heç də məqbul olmayan missiyasını davam etdirmək niyyətindədir”.

E.Mirbəşir qeyd etdi ki, əslində göndərilməsinə heç bir zərurət olmayan bu missiyanın regionda uzun müddət qalma ehtimalı ciddi narahatlıq yaradır: “Çünki, bu, sülh prosesinə mane ola bilər, prosesləri yenidən qeyri-müəyyən müddətə uzada bilər. Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin iclasında missiyanın qalma müddəti haqqında birmənalı danışmadı. O, hətta bildirdi ki, missiyanın qeyri-müəyyən müddətə qalması ilə bağlı təkliflər var. Bunun ardınca ATƏT-in müşahidə qrupunun yenə də Ermənistanın istəyilə göndərilməsi Azərbaycanın iradəsi ilə başladılmış sülh prosesinə mane olmaqdan başqa heç nəyə yaramayacaq”. Deputat xatırlatdı ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün artıq platforma var idi: “Bu platforma çərçivəsində müəyyən nəticələrin əldə olunduğu müşahidə edilirdi. Sonradan isə Avropa təşəbbüsləri sanki elə regiona sözügedən missiyaların göndərilməsinə hesablanmışdı. Bu gün görünən yeganə nəticə hələlik bundan ibarətdir. Bu da narahatlıq doğurur”.