“Bizim brifinqimiz Azərbaycanın antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin ifşa edilməsi ilə əlaqədardır. Qeyd edim ki, Azərbaycan özünün suverenliyini bərpa edib”.
Sabahinfo.az-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə dövlətlərarası razılaşma olmadan qeyri-qanuni silah daşımalarını həyata keçirib.
“Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurana qədər Ermənistan təkcə silah tədarükünü həyata keçirmirdi. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində minalar basdırırdı. Biz beynəlxalq ictimaiyyətə üzləşdiyimiz çağırış barədə mövqeyimizi çatdırmışdıq”, - deyə Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistanın 2021-ci ildə istehsal olunmuş sursatları Qarabağda tapılıb.
Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.