Azay Quliyev “Gənclər Günü”ndə Vətən Müharibəsi qaziləri ilə görüşdü

Bu gün Azay Quliyev Binəqədi Gənclər Evində deputat seçildiyi ərazidə yaşayan Vətən Müharibəsi qaziləri ilə görüş keçirib. Görüşdə çıxış edən Azay Quliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbə və “2 Fevral Gənclər Günü” münasibətilə qazilərimizi ürəkdən təbrik edib, onlara döyüş meydanında göstərdikləri şücaətə və qəhrəmanlığa görə təşəkkürünü bildirib. Azay Quliyev qeyd edib ki, İkinci Qarabağ savaşında qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə qızıl hərflərlə yazılmış şanlı səlnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Səmimi mühütdə keçən görüş zamanı Vətən Müharibəsi qaziləri onlara göstərdiyi yüksək diqqət və qayğıya görə hörmətli Prezidentimiz cənab İlham Əliyevə və hörmətli Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər. Qazilərimizin qaldırdıqları bir sıra məsələlərə, xüsusilə, məşğulluqla bağlı müraciətlərə dərhal baxılıb, görüşdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədov tərəfindən onların bir çoxunun həlli ilə bağlı müvafiq göstərişlər verilib.

Sonda Azay Quliyev bildirib ki, şəhid ailələri və qazilərlə görüşləri bundan sonra da mütəmadi olaraq davam edəcəkdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi bələdiyyəsinin sədr müavini Toğrul Babayev iştirak edib.