Azər Badamov seçicilərinə görə hökumətdən xahiş etdi

Dünya düzəni özünün ən mürəkkəb və çətin dövrünü yaşayır. Ədalətsizliklər, ikilili standartlar və ölkələrin daxili işlərinə qarışmaq cəhdləri günü-gündən dərinləşməkdədir. Belə bir çətin dövürdə dövləti idarə etmək, nəzərdə tutulmuş proqarmları icra etmək və xalqın rifahının yaxşılaşmasına töhfə verən addımların davam etdirilməsi heç də rahat məsələ deyil. Bu çətin dövürdə dövlət başçımızın rəhbərliyi altında hökumətimiz və xalqımız bütün xarici təsirlərə dözümlülük nümayiş etdirir, haqlı mövqelərimizin tapdalanmasına heç kimə imkan verilmir və ölkənin inkişafı təmin olunur. Əlbətdə ki, hökumətimizin qarşısında dayanan mühüm məsələlər ölkə iqtisadiyyatının dinamik inkişafını qorumaq, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi işini sürətlə aparmaq və digər regionların tarazlı inkişafını təmin etməkdir. Göründüyü kimi qeyd etdiyim istiqamətlərdə hökumətin fəaliyyəti təqdirəlayiqdir, hesabatı dəstəkləyirəm və keçən il hökumətin hesabatı iclasında qaldırdığımız məsələlərə həssas yanaşaraq cavblandırıldığına görə təşəkkürümü bildirirəm. Xüsusilə insanları ən çox narahat edən Bakı-Quba yolunun yararsız hissəsini qısa zaman kəsiyində yenidən tikildiyinə görə dövlət başçımıza seçicilərimin adından təşəkkürümü bildirirəm.

  Hörmətli həmkarlar, görüşlərimiz və qəbullarımız zamanı seçicilərimiz müəyyən sosial məsələlərlə bağlı kömək etməyimizi xahiş edirlər. Bu gün hökumət üzvülərinin iclasımızda iştirakını nəzərə alaraq belə məsələlərdən çox vacib iki məsələni diqqətinizə çatdırmaq istəyirəm. 

  Birinci məsələ yenə də Qusar rayonun qazlaşdırılması iilə bağlıdır. Qeyd etmək istəyirəm ki, rayonun 90 yaşayış məntəqəsindən cəmi 47-si qazlaşdırılmışdır. 5 min nəfərdən çox əhalinin yaşadığı Avaran, Xürel və Yasab kəndləri hər dəfə növbəti ildə qazlaşdırılacağı bildirilsə də on ildən çoxdur ki, məsələ həll olunmur. Hətta Şahdağ Turizm Kompleksinə çəkilmiş magistral qaz xətti Avaran və Xürel kəndlərin ərazisindən keçir. Bunlardan əlavə rayonun Xaçmaz və Quba rayonları ilə həmsərhəd kəndlərinin qazlaşdırılmasına ehtiyac vardır. Qusar meşələrindən uzaqda yerləşən həmin kəndlər vaxtilə Yalama meşələrindən yanacaq odunla təmin olunurdu. 2021-ci ildə Samur-Yalama Milli Parkı yaradıldıqdan sonra həmin meşələrdən yanacaq odun buraxılmadığından bu kəndlərdə yaşayan əhali həyətyanı və pay torpaqlarda yetrişdirdikləri meyvə və digər ağacları kəsərək yanadırmağa məcbur olurlar.

Hörmətli cənab Baş Nazir! Qazlaşlaşdırılma ilə bağlı Qusar rayon sakinlərinin bu xahişini nəzarətə almağınızı xahiş edirəm. 

     Digər bir məsələ məktəb binaların yenidən tikilməsi və əsaslı təmiri ilə bağlıdır. Beləki, Kuzunqışlaq kəndində 1924-cü ildə inşa edilmiş və 220 şagirdin təhsil aldığı məktəb binası istifadəyə yararsız olmaqla yanaşı şagirdlər və müəllimlər üçün hər an təhlükə mənbəyidir. Bundan əlavə Dövlət Proqramında rayonun Yasab, Samur, Həzrə və Şirvanlı kənd orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Dövlət Proqramının icra müddəti cari ildə bitdiyini nəzərə alaraq qeyd etdiyim məktəblərin yenidən qurulması istiqamətdə heç olmasa işlərə başlanarsa mövcud problemin həllinə töhfə verilmiş olar. 

Sonda Hökumətin fəaliyyətinə uğurlar arzulayıram və xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Qoy bu Bahar ölkəmizə sülh, inkişaf və yüksək rifah gətirsin.

Azər Badamov

Milli Məclisin deputatı