Azər Məmmədov Şəkidə qəbul keçirib

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov Şəki şəhərində vətəndaşlarla görüş keçirib. Qəbula üz tutan Qax, Şəki və Zaqatala sakinlərinin müraciətləri dinlənilib. Görüşdə Birlik rəhbəri ilə yanaşı, qurumun Zaqatala Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər. Müraciətlər zamanı yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılması ilə bağlı məsələlərə toxunulub. Birlik rəhbəri qəbula üz tutan 70 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.