Azərbaycan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin son illər ayrı-ayrı sahələr üzrə əldə etdiyi uğurlara bir baxış idi.  Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs etməklə yanaşı, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasını qeyd edən Prezident İlham Əliyev bunun Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açdığını diqqətə çatdırdı. Cari ilin sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərini nəzərə alsaq, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Çünki ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.

 Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi cari ilin 6 ayında xarici siyasət sahəsində qazanılan uğurlardan aydın görünür.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən diqqəti Amerika-Azərbaycan və Avropa-Azərbaycan  əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yönəltdi.  Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir.  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə gələcək əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dünən Azərbaycan və Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması mühüm hadisədir.

Dövlətimizin başçısı ifadə edib ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və layihənin nəzərdə tutulduğu vaxtda, 2018-ci ildə rəsmi açılışı, 2020-ci ilin sonunda tam istifadəyə verilməsi Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatında artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin “Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik” sözləri də deyilənlərin təsdiqidir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı