"Azərbaycan-Aİ münasibətləri qoca qitənin qapısında gözləyən dövlətlərdən məhsuldardır"

Bu günlərdə Avropa İttifaqı Ukrayna və Moldovaya quruma üzvlük üçün yaşıl işıq yandırdı. Ancaq o da xüsusi olaraq vurğulandı ki, Ukrayna və Moldovanın Avropa İttifaqına yolunu bağlayan başlıca faktor həmin ölkələrdəki korrupsiya və oliqarxiyanın tüğyan etməsidir.

Görəsən, Azərbaycan da tezliklə Avropa ailəsinin bərabərhüquqlu ölkəsi olmaq üçün hansı adımları atmalıdır ki, üzvlüklə bağlı müraciət etməyə üzümüz olsun?

Moderator.az bu sualla parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Əminə Ağzadənin fikirlərini öyrənməyə çalışıb:

"Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib.

Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Avropa Şurasının 43-cü üzvü olub. Müvafiq olaraq, o, Parlament Assambleyasının bir sıra konkret öhdəlikləri öz üzərinə götürüb və yerinə yetirməyə razılıq verib. Bu günədək ölkə Avropa Şurasının 65 müqaviləsini imzalamış və ratifikasiya etmişik, daha 7 müqaviləni isə yalnız imzalamışıq. Azərbaycan Avropa Şurasının bir sıra mexanizm və orqanlarının subyektidir. Bu mexanizmlərə misal olaraq Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Avropa Şurasının Parlament Assambleyası (AŞPA) da daxil olmaqla Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və sairləri göstərmək olar.

Avropa İttifaqı tərəfindən dəstəklənən proqramlar korrupsiya ilə mübarizə, ədalət mühakiməsi sistemində səmərəliliyin artırılması, jurnalistika təhsili və təliminin keyfiyyətinin yüksəldilməsi, ədliyyə sahəsində struktur islahatlarının aparılması məqsədi daşıyıb.

Azərbaycan bu gün də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaradır.

Hazırda ölkəmizdə islahatların aparılmadığı sahə göstərmək demək olar ki mümkün deyil. Vətəndaş cəmiyyətinin formalaşmasına, məhkəmə hüquq siteminin təkmilləşməsinə yönəlik kifayət qədər addımlar atılmışdır. Ədliyyə sisteminin təkmilləşdirilməsi, yerli idarəetmə orqanlarının işində radikal addımların atılması bu səpkidən olan işlərdəndir. Bu gün Azərbaycanda korrupsiyaya qaşı mübarizə dövlət səviyyəsində prioritet olaraq qəbul eilmişdir.

​Bu illər ərzində Azərbaycan Respublikası Avropa İttifaqı və onun ətrafında olan Qərb institutları ilə əməkdaşlıqda daima maraqlı olub, rəsmi Bakı özünün ən vacib siyasi - iqtisadi tərəfdaşı kimi Aİ ilə bir sıra vacib layihələr həyata keçirib və keçirməkdədir.

Aİ üçün Azərbaycan regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir.

Nəticə etibarilə, hazırda Azərbaycan-Aİ münasibətləri birliyə daxil olmayan, lakin qoca qitənin qapısında gözləyən bir çox dövlətlərdən daha məhsuldardır".