Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə ilk rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Müzakirə olunan məsələlər, imzalanan sənədlər əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Belə ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu strateji əhəmiyyət kəsb etməklə yanaşı ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əməkdaşlığın inkişafı istiqamətində səyləri səfərbər etməyə imkan verir.
Ümumiyyətlə, son 20 ildə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasər, etibarlı və faydalı təşəbbüsləri tərəfdaşlara əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb. Bu mənada çox böyük strateji əhəmiyyətə malik olan Azərbaycan-BƏƏ münasibətlərini xüsusi qeyd etməliyik. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də inkişaf edib. Uğurlu siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.
Səfərin Azərbaycanın COP29-a ev sahibliyi ərəfəsində baş tutması təsadüfi deyil. Məlumdur ki, ötən ilin noyabrında COP28 -ə ev sahibliyi edən BƏƏ Azərbaycanı dəstəklədi. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Bakıya səfəri zamanı bu dəstək bir daha bəyan olundu. Rəsmi Əbu Dabi bunu bütün dünyanın Azərbaycana etimadının təzahürü hesab edir. BƏƏ Prezidenti bir daha bəyan etdi ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Rəsmi Bakı isə COP28-in nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə əmindir. İkitərəfli münasibətlərə gəlincə, məlumdur ki, son illər əsas prioritet enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində yeni imkanlar dəyərləndirilməkdədir.
Ötən il Azərbaycanda açılışı baş tutan 230 meqavat gücündə günəş elektrik stansiyası məhz BƏƏ-nin investisiyaları hesabına mümkün olub. Prezident İlham Əliyevin də söylədiyi kimi, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında ölkəmizdə 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. İki ölkə arasında imzalanan, bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu da iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu fond iqtisadi-ticari əlaqələrin, qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. BƏƏ eyni zamanda informasiya-kommunikasiya sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Həmçinin nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar mövcuddur. Bu illər ərzində müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrilən Azərbaycanın nəqliyyat infrastrukturu BƏƏ üçün cəlbedicidir. Xüsusilə
Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivləri mövcuddur.
Bir sözlə, Azərbaycan-BƏƏ münasibətlərinin qarşıdakı illərdə daha da dərinləşəcəyini, strateji əhəmiyyət daşıyan münasibətlərin daha da möhkəmləncəyini əminliklə söyləmək mümkündür.