Azərbaycan bu sınaqdan da qələbə ilə çıxacaq

"Son vaxtlarda anti-Azərbaycan və erməni lobbisinin nəzarətində olan dairələrin ölkəmizə qarşı təzyiq və hücumları aktivləşdirməkdədir. Biz 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula 1" yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də belə hücumların şahidi olmuşuq. Hətta tədbir ərəfəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün terror aktları həyata keçirilməyə cəhd edilib. Lakin bütün bu cəhdlər sonda uğursuzluqla nəticələnib. Azərbaycan ev sahibliyi etdiyi tədbirləri ən yüksək səviyyədə təşkil edib. Biz belə oxşar proseslərin COP29 ərfəsində də şahidi olmaqdayıq. Anti-Azərbaycan qüvvələr yenə də aktivləşərək COP29-un əhəmiyyətini gözdən salmaq istiqamətində qarayaxma kampaniyasına başlayıb".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib. 

O bildirib ki, hər zaman olduğu kimi, erməni lobbisinin təsiri altında olan güclərin ölkəmizə qarşı təzyiq xarakterli hücumlarının şahidi olmaqdayıq: "İstər ABŞ Senat və Nümayəndələr Palatasında ermənipərəst qüvvələrin aktivliyini, istər həmin şəxslərin dövlət katibinə ünvanladığı məlum müraciətini, istər "Amnesty International" və "Human Rights Watch"ın son bəyanatları bunun bariz göstəricisi hesab etmək olar. Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı beynəlxalq hüquqa zidd və əsassız tələblər irəli sürürlər. Lakin bu cür təzyiq metodları ilə Azərbaycana hansısa tələbləri irəli sürüb qəbul elətdirmək absurd düşüncədir. Onlar özləri də yaxşı başa düşür ki, nə bu cür metodlarla Azərbaycana təzyiq mümkündür, nə də beynəlxalq miqyasda nüfuzdan salmaq. Onların bu hərəkətlərinin əsas iki səbəbi var: birincisi, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməmək, ikincisi isə erməni lobbisinin aldığı maliyyə qarşılığında şərtlərini qəbul etdirə bilməsələr də, guya bu yolla Azərbaycanı gözdən və nüfuzdan salırlar. Ancaq bu cür oyunlar da keçmir. Çünki dünyada hamı kimin-kim olduğunu yaxşı bilir. Digər tərəfdən isə artıq Azərbaycanın belə hadisələrə qarşı bir immuniteti formalaşıb. Əksinə, bu cür hadisələr Azərbaycanı yürütdüyü siyasətdə daha qətiyyətli olmağa və yeni-yeni uğurlara, qələbələrə imza atmağa sövq edir. Nəticə etibarilə həmin qüvvələrin bu cəhdləri də əvvəlki cəhdləri kimi uğursuzluğa düçar olacaq. Azərbaycan bu sınaqlardan da uğurla və qələbə ilə çıxacaq".

Deputat təəssüflə onu da qeyd edib ki, Qərbin ölkəmizdəki 5-ci kolonu da bu prosesdə iştirak etməklə bir daha özlərinin iç üzünü ortaya qoymuş oldular: "Bunun adı isə Vətənə xəyanətdir, başqa adı ola bilməz. Azərbaycana qarşı düşmən mövqe sərgiləyənlərlə həmrəylik nümayiş etdirənlərə başqa ad vermək olmaz".