Azərbaycan-Çin strateji tərəfdaşlığı dinamik inkişaf edir

Bu gün Azərbaycan Avropa, ABŞ-la yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və digərləri ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir.Bunların sırasında Çinlə münasibətlərin xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb.
2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Bundan başqa Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb.

Siyasi mövzularda Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə qeyd olunub ki, tərəflər strateji tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.

Separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etdiyini bəyan edib.

Bu yaxınlarda Çin vətəndaşları viza almaq tələbindən azad edildi. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir

Azərbaycan və Çin arasında münasibətlər dinamik şəkildə inkişaf edir və bu, iqtisadi sahədə də özünü qabarıq büruzə verir. Xüsusən də Azərbaycanın Çin məhsullarının ixracında önəmli rol oynaması rəsmi Pekin üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz bu gün Çin üçün alternativ ixrac baxımından həyati zərurətə malikdir. 

 Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.

Əminə Ağazadə
Milli Məclisin deputatı