Diasporla İş üzrə Dövlət Komitəsinin və xaricdəki soydaşlarımızın gördüyü işlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən təqdir olunmasına mühüm töhfədir"
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Əli müəllim, 12-13 sentyabrda Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı son təxribatı və onun siyasi, sosial-psixoloji nəticələri mediada geniş müzakirə olunan məsələlələrdəndir. Məlum olduğu kimi, rəsmi İrəvanın yenə də məğlub duruma düşdüyü bu hadisələr xaricdəki erməni diasporunu da hərəkətə gətirib və onlar azğın davranışları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışıblar. Bu barədə sizin fikrinizi bilmək istərdik.
- Ermənistanın Azərbaycanla delimitizasiya olunmamış sərhəd xətti boyunca törətdiyi bu təxribatının qarşısı qətiyyətlə alındıqdan və rəsmi İrəvan siyasi-diplomatik səhnədə də çarəsiz duruma düşdükdən sonra cinayətkar davranışlara əl ataraq mübarizə üsulu kimi terror və təcavüz yolunu seçib. Bütün tarix boyu olduğu kimi, xarici ölkələrdə, xüsusilə onların daha fəal olduğu Fransa, ABŞ, Livanda fəaliyyət göstərən erməni diasporu öz xislətinə sadiq qalaraq Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edib, onlara ciddi maddi ziyan vurmaqla yanaşı diplomatlarımızı, azərbaycanlıları və türkləri ölümlə hədələyiblər. Əslində bu, yeni bir şey deyil və belə hərəkətlər ermənilərin sivil mübarizə apara bilməmələrinin, ümumiyyətlə, mədəni davranış qaydalarını hələ də mənimsəmədiklərinin göstəricisidir.
- Azərbaycan bu cinayət əməllərinə hüquqi qiymət verilməsi istiqamətində hər hansı bir addım atıbmı?
- Təbii ki, bu cinayətlərə Azərbaycan hökuməti tərəfindən dərhal ciddi reaksiya verilmiş və adekvat hüquqi addımların atılması təmin edilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş məlumata əsasən artıq faktla bağlı Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib. Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
- Beynəlxalq miqyasda və xarici ölkələrdə belə hallara qarşı mübarizədə ilk növbədə Azərbaycan diasporunun fəaliyyəti ictimaiyyətdə böyük maraq oyadır. Erməni diasporunun hərəkətlərinə soydaşlarımız hansı formada cavab verirlər və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü kimi bu fəaliyyəti qaneedici hesab edirsinizmi?
- 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və Şuşa qurultayından sonra daha güclü həmrəylik nümayiş etdirən və öz Vətəninə daha möhkəm tellərlə bağlanan Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar dövlət səviyyəsində aparılan siyasətə dəstək olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və ermənilərin cinayətkar hərəkətlərinin sivil qaydada neytrallaşdırılmasına mühüm töhfə verməkdədir. Ermənilərdən fərqli olaraq Azərbaycan diasporu bu mübarizədə sivil davranışı ilə nümunə göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan soydaşlarımız sözügedən hadisələrlə bağlı dünya ictimaiyyətinin səhih məlumatlandırılması kampaniyasına start veriblər. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin dövlət və hökümət rəsmilərinə, beynəlxalq təşkilatlara çağırış edərək, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qınamağa, bu cür təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımlar atmağa, Ermənistanın təcavüzkar siyasətinə son qoyması üçün təzyiqləri artırmağa səsləyiblər. Dövlət Komitəsinin verdiyi məlumata əsasən, 12 sentyabr hadisələrindən dərhal sonra 46 ölkədə fəaliyyət göstərən 133 diaspor təşkilatı yaşadıqları ölkələrin dövlət, hökümət rəsmilərinə, beynəlxalq təşkilatlara, parlamentlərə, nüfuzlu siyasi qurumlara və siyasi şəxlərə 150-dən çox bəyanat və müraciət ünvanlayıblar. Erməni təxribatlarına etiraz əlaməti olaraq bir sıra Avropa ölkələrində Azərbaycanın haqq işinin və sülh siyasətinin dəstəklənməsinə çağırış edən şüarların yer aldığı piketlər, məlumatlandırıcı aksiyalar təşkil ediliib. “Sərhədsiz Ədalət və Hüquq” (Justice et Droits Sans Frontieres) Assosiasiyası UNESCO-nun Paris şəhərində yerləşən mənzil-qərargahı önündə Qərbi Azərbaycanın mədəni irsinin dağıdılmasını əks etdirən və “Mədəniyyətlərarası Dialoqun Yaradılması” adlanan sərgi xarakterli 3 günlük aksiya diqqəti xüsusilə cəlb edir. Soydaşlarımız Ermənistanın hərbi təxribatı nəticəsində həlak olan hərbiçilərin əziz xatirəsinin yad edilməsi üçün anım tədbirləri təşkil ediblər. Bir sıra ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evlərində, məscidlərdə, mərkəzlərdə və digər yerlərdə şəhidlərimiz anılıb və ruhlarına dualar oxunub. Müxtəlif ölkələrdə yaşayan və hər hansı diaspor təşkilatında təmsil olunmayan azərbaycanlılar da erməni təxribatına biganə qalmayıb. Belə ki, 22 ölkədə yaşayan 100-yaxın soydaşımız öz bəyanatlarını fərdi qaydada aiddiyyatı qurumlara göndərib.
- Diaspor təşkilatlarının bu fəaliyyətinin beynəlxalq miqyasda nəticələrini necə dəyərləndirirsiniz?
- Diasporla İş üzrə Dövlət Komitəsinin və xaricdəki soydaşlarımızın gördüyü işlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən təqdir olunmasına mühüm töhfədir. 10-dan çox ölkələrin mətbu orqanlarında, TV-lərində erməni təxribatını mahiyyətini dolğunluğu ilə əks etdirən onlarla məqalə və çıxışların yer alması Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin düşünülmüş xarici siyasəti, ardıcıl diplomatik səyləri və onun dünya azərbaycanlılarının milli maraqlar naminə vahid amal ətrafında sıx birləşməsinə yönəlmiş məqsədyönlü siyasi kursunu təmin edən diaspor təşkilatları və fəallarının mühüm dəstəyi sayəsində mümkün olub. Xüsusi diqqət çəkən məqamlardan biri xarici ekspertlərin, jurnalist və tarixçilərin Azərbaycanın haqlı mövqeyini müdafiə etmələri, erməni təxribatını pisləmələri, sosial şəbəkələrdə və media orqanlarında bu mövzuda çıxışlar etmləri, beynəlxaq ictimaiyyətə dəqiq informasiyalar çatdırmaları oldu.