Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Tarixdən də məlumdur ki, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta 30-ci illərdə başlanan repressiya qurbanları sırasında dil məsələsini qabardan ziyalılar da var idi. Belə bir şəraitdə milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bu çətinliklərə baxmayaraq, XX əsrin 70-ci illərində Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmiş və hər kəsin ürəyində olan fikri səsləndirdi.
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz ” – deyən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu.
“Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır.” Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri də ana dilidir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olmuşdur. 52 il bundan əvvəl məhz bu gün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olundu. Bu dahi şəxsiyyət tarixi qərarla Azərbaycan dilinə yeni nəfəs verdi, xalqın ruhunu milliləşdirdi.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova