İxrac marşrutlarının şaxələndirilməsi hazırda dünyada enerji təhlükəsizliyinin əsas komponentlərindəndir. Bu baxımdan bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan nəhəng layihələr, o cümlədən Cənub Qaz Dəhlizi region üçün böyük əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Cənub Qaz Dəhlizinin hələ uzun illər Azərbaycanın və tərəfdaşlarının maraqlarına xidmət edəcəyini söyləyən Mircəlil Qasımlı qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarının ənənəvi olaraq hər il keçirilməsi ölkəmizin enerji sahəsində beynəlxalq miqyasda oynadığı mühüm rolun göstəricisidir.
“Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Son bir il ərzində Azərbaycan qazı ilə təchiz olunan ölkələrin sayı 12-dən 16-ya yüksəlib. Bu xüsusda, Azərbaycan qazının Suriyaya nəqlini xüsusi vurğulamaq lazımdır. Bu layihə ilə ölkəmiz enerji ixrac coğrafiyasını Yaxın Şərq regionu istiqamətində genişləndirir. Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü Suriyanın inkişafı, əhalinin sosial rifahının qorunması istiqamətində mühüm addımdır”, - deyə deputat vurğulayıb.
Bu gün Azərbaycanın dünyada ədalətli enerji keçidini uğurla təmin edən ölkələrdən olduğunu söyləyən Mircəlil Qasımlı bildirib ki, ölkəmizin zəngin bərpaolunan enerji potensialı, əlverişli investisiya mühiti beynəlxalq enerji şirkətləri tərəfindən də yüksək qiymətləndirilir.
“Masdar” şirkəti tərəfindən inşa olunan 230 meqavat gücündə Günəş elektrik stansiyasını, “ACWA Power” tərəfindən maliyyələşdirilərək həyata keçirilən və regionun ən böyük külək elektrik stansiyasını qeyd etmək istərdim. Ümumilikdə isə ölkəmiz 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.