1994-cü ildə atəşkəs haqqında protokol imzalanandan sonra ermənilər münaqişənin artıq bitdiyini və Azərbaycanın da torpaqların itirilməsi ilə barışdığını düşünürdülər. 26 illik atəşkəs dövründə Ermənistan tərəfinin bu düşüncəni diplomatik masaya daşımaq iddiası isə sözün əsl mənasında, fiaskoya uğradı. Azərbaycan ötən illərdə qəti olaraq əmin oldu ki, münaqişənin diplomatik yolla həll edilməsi qeyri-mümkündür. Bununla paralel olaraq, ölkəmizdə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə ciddi fəaliyyət proqramı hazırlandı və həyata keçirilməyə başlandı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə siyasi, iqtisadi və hərbi sahədə işlər dinamik xarakter aldı. Əvvəlcə iqtisadi inkişafdan əldə edilən vəsaitin insan kapitalına çevrilməsi prosesi bütün sahələrdə gənc və perspektivli kadrların hazırlanmasını təmin etdi. Vətənin müdafiəsi və işğal altındakı əzəli Azərbaycan torpaqlarının azad edilməsi üçün hərbi kadrların hazırlanması, ordumuzun müasir silahlarla təmin edilməsi son 17 ildə planlı şəkildə həyata keçirildi. 2016-cı ildə Aprel və 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Hər iki döyüşdə ordumuz düşmənin “məğlubedilməzlik” mifini darmadağın etdi.
Ermənistan tərəfinin ötən il sentyabrın 27-də törətdiyi hərbi təxribatın Azərbaycan xalqının səbrini daşıran son damla olduğunu vurğulayan deputat qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın monolit birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində düşmənin başı əzilərək torpaqlarımızdan qovuldu. Qarabağın tacı olan Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında imzalanan üçtərəfli Bəyanat isə birbaşa işğalçı ölkənin kapitulyasiya aktı idi. Azərbaycan qalib tərəf olaraq bu sənədlə çox böyük üstünlüklər əldə etdi.
Aydın Hüseynov bildirib ki, tarixdə Ermənistan kimi vandalizmə, vəhşiliyə imza atan ikinci dövlət olmayıb. “İkinci Dünya müharibəsində Hitler faşizmi işğal etdiyi ərazilərdə Qarabağda törədilən vəhşiliklər qədər insanlıqdan kənar əməllər törətməyib, insanları evindən qovmayıb, qoca və uşaqlara, qadınlara toxunmayıb. Ermənilər isə bütün dünyanın gözü qarşısında əsl soyqırımı aktları törədib. Hitlerin faşizmi SSRİ və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan və onun arxasında duran dünya güclərini isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 44 günə məğlub edərək, gecə saatlarında bəyanata imza atmağa məcbur etdi. Erməni ordusu haqqında yaradılan saxta mif 44 günlük müharibənin elə ilk günündə sabun köpüyü kimi dağıldı”, - deyə, o əlavə edib.
Milli Məclisin deputatı Zəngəzur dəhlizindən də danışaraq deyib: “Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir və avtomobil yolu ilə birləşəcək. Biz Bakıdan avtomobilə əyləşib, rahatlıqla Türkiyəyə və Naxçıvana keçə biləcəyik. Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə, Rusiya və İran öz mallarını Orta Asiyaya, Avropaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər”.
Üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin inşasına artıq başlanıldığını diqqətə çatdıran deputat bildirib ki, Mehri kəsiyindən keçəcək dəmir yolu xəttinin Zəngilan rayonunun Ağbənd qəsəbəsinə qədər olan hissəsinin tikintisi artıq başa çatmaq üzrədir. Bu vacib nəqliyyat infrastrukturu, təkcə Azərbaycandan Naxçıvana yox, eyni zamanda, Avropaya açılan növbəti pəncərədir. Bu dəhlizdən Ermənistanın da istifadə etmək fürsəti yaranacaq. “Ermənistan cəmiyyəti əvvəl diplomatiyada, sonra müharibə meydanında, bu gün isə tikinti meydanlarında xarüqələr yaradan Azərbaycana qibtə ilə baxır. 30 illik işğal dövründə Qarabağda heç bir iş görməyən, yalnız öz şəxsi büdcəsini doldurmaqla məşğul olan rəhbərlərini isə lənətləyirlər. Azərbaycan 30 il yurdundan, yuvasından uzaq düşmüş insanların öz isti ocağına dönməsini təmin etməklə, erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş kənd və şəhərləri, qəsəbə və digər yaşayış məntəqələrini yenidən qurmaqla məşğuldur. Hava limanları, magistral və dəmir yolu xətləri, kənd təsərrüfatı obyektləri, su qovşaqları, yarımstansiyalar, “ağıllı” kənd və şəhərlər inşa edən dövlətimiz unikal layihələrlə dünyanı heyrətləndirir”, - deyə, o vurğulayıb.