Azərbaycan ədalətin bərpa edilməsinin  tərəfdarı olduğunu bütün dünyaya bir daha çatdırdı

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyevin iştirakı və Qoşulmama hərəkatının sədri kimi növbəti çıxışı daha bir tarixi hadisə kimi yaddaşlarda qaldı.

BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü hər zaman müdafiə edib. Vətən müharibəsi günlərində də üzv ölkələr müxtəlif platformalarda Azərbaycana və onun haqq mübarizəsinə öz dəstəklərini ifadə ediblər.

 Azərbaycanın “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qorumaqla Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasına və qlobal mühitə daha çox inteqrasiyası istiqamətinə töhfələr verib. Sərhədləri kifayət qədər böyük bir coğrafiyanı əhatə edən təşkilata sədrliyi dövründə cənab Prezident İlham Əliyevin liderliyi ilə Hərəkatın nüfuzu daha da artıb, eyni zamanda onun təsisatlanması istiqamətində mühüm addımlar atılıb. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyi dövründə əldə olunmuş mühüm nailiyyətlərdir. İstər pandemiya dövründə, istərsə də postpandemiya dövründə Azərbaycanın etdiyi çağırışlar, donor ölkə kimi ehtiyacı olan ölkələrə ayırdığı mühüm maliyyə yardımları Azərbaycanın humanizm prinsiplərinə sadiq həyata keçirdiyi siyasətin bariz nümunələridir.

 Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında da çox mühüm məqamlara toxundu. Xüsusilə, Cənab Prezidentin dünyada neokolonializm meyillərinin artmasından narahatlığını ifadə etməsi günümüzdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Neokolonist həvəsləri və müstəmləkəçilik arzuları olan ölkələr arasında cənab Prezidentin Fransanın adını xüsusi qeyd etməsi heç də təsadüfi deyil və bu siyasət Fransanın soyqırımlarla dolu tarixinə söykənir. Beləliklə, cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi və həyata keçirdiyi siyasət sadəcə öz haqlı mövqeyimizin müdafiəsi deyil, dünyanın hansı hissəsində olmasından asılı olmayaraq zülmdən əziyyət çəkən bütün insanların haqq səsidir və ədalətin müdafiəçisi olmağa hər zaman davam edəcək.

 Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməsinə və ərazilərimizin minalanmasına toxunması növbəti dəfə dünyanın diqqətini erməni vəhşiliklərinə cəlb etdi.

  Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Ermənistan regionda sülh yaradılmasında maqarlıdırsa Silahlı Qüvvələri Qarabağdan tamamilə çıxmalıdır. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazırlər görüşündə Prezident İlham Əliyev Azərbaycanın ədalətin bərpa edilməsinin tərəfdarı olduğunu bütün dünyaya bir daha çatdırdı.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı