Azərbaycan gəncləri azad, özünə güvənən ölkədə yaşayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan forumdakı çıxışında və müzakirələr zamanı səsləndirdiyi fikirlərdə ölkə həyatının bir çox sahələrində, eləcə də iqtisadiyyatda mövcud vəziyyəti dəyərləndirdi. Bu görüş bütün gənclərə yeni stimul verir, eyni zamanda, öhdəliklər müəyyənləşdirir. Azərbaycan gənclərinin innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışı təşviq olunur. Gənclərə göstərilən diqqət və qayğı onların dövlət quruculuğu prosesinə cəlb edilməsini, eləcə də icra orqanlarında təmsil olunmalarını təmin edir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.
Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.
Yetişməkdə olan nəslə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bundan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində, gənclərimiz bir çox sahələrdə böyük nailiyyətlər qazanırlar. Bütün bu uğurlarla yanaşı, müasir Azərbaycan gənci həm də Vətənə və dövlətə bağlılığı ilə seçilir. Onların vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə olmalı, eyni zamanda, bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilməlidir.
Vətən müharibəsi zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.
Hazırda işğaldan azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir və bu zaman Dördüncü Sənaye İnqilabının çağırışları diqqətdə saxlanılır. Layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə mühüm önəm verilir. Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.
Bu gün bütün dünya etiraf edir ki, Prezident İlham Əliyevin ən böyük dayağı doğma xalqı və cəmiyyətin aparıcı qüvvələrindən biri olan Azərbaycan gəncliyidir. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs vahid amal uğrunda, möhtərəm Prezidentimizin də söylədiyi kimi, “dəmir yumruq” kimi birləşdi. Bundan sonra da gənc nəslin nümayəndələri, qalib dövlətin təmsilçiləri kimi, heç kimdən çəkinməyən, hər zaman milli və dövlətçilik maraqlarını müdafiə edən müzəffər liderin ətrafında daha sıx birləşəcəklər.

Cavid Hüseynov
ADPU-nun mətbuat katibi