Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır

Ortaq maraqlara və qarşılıqlı mənfəətə əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqaz regionunun təhlükəsizliyinin təmin edilməsi, iqtisadi inkişafı, humanitar əməkdaşlığın həyata keçirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri bir daha təsdiq etdi ki, iki dövlət arasında çoxşaxəli əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və qardaşlıq münasıbətlərinin çoxəsirlik tarixi var və iki dövlət müstəqillik qazandıqdan sonra qarşılıqlı əlaqələrimiz daha da möhkəmlənmiş və müxtəlif istiqamətlər üzrə surətlə inkişaf etdirilmişdir. Şübhəsiz ki, Ölkə Başçısının Gürcüstana işgüzar səfəri ikitərəfli münasıbətlərin inkişafına ciddi təkan verəcəkdir. Müasir şəraitdə qlobal səviyyədə ciddi narahatlıq yaradan enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycan etibarlı tərəfdaş olaraq, mühüm töhvələr verir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memoranduma əsasən, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Həmçinin 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatının 20 milyard kubmetrə çatdıracaqı nəzərdə tutulub. Bundan əlavə 2023 ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Enerji resurslarına Avropada böyük tələbat olduğu dönəmdə Gürcüstanla Azərbaycan birlikdə səmərəli fəaliyyət göstərərək, öz milli maraqlarını əhəmiyyətli formada təmin edə bilərlər.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü