Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibəsində təkcə İtaliyanın deyil, həmçinin bütün Avropa ölkələrinin ictimaiyyətini maraqlandıran bir çox vacib məsələlər barədə dolğun açıqlamalar təqdim edib. Məlumdur ki, bu gün yaranmış enerji böhranı şəraitində Avropa ölkələrini ən çox narahat edən məsələlərdən biri alternativ enerji mənbələrinin axtarışı ilə bağlıdır. Təbii ki, bu baxımdan məhz Azərbaycan zəngin enerji ehtiyatlarına malik etibarlı tərəfdaş kimi Avropanın daha çox diqqətini cəlb edir. Ölkəmizin mövcud olduğu Cənubi Qafqaz regionunda formalaşmış geosiyasi vəziyyət və bu vəziyyətin perspektivdə hansı istiqamətlərdə dəyişə biləcəyi ehtimalları da Avropa İttifaqı üçün önəmli məsələlərdəndir. Aydındır ki, Avropa enerji resurslarının dayanıqlı idxalı üçün Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Azərbaycan Prezidentinin öz müsahibəsində səsləndirdiyi fikirlər Avropa ictimaiyyəti üçün çox vacibdir. Xüsusən də Prezident İlham Əliyevin regionda vəziyyətin sülhə doğru inkişaf etdiyinə dair səsləndirdiyi fikirlər böyük önəm kəsb edir. Öz fikrini konkret faktlarla əsaslandıran dövlətimizin başçısı bildirib ki, İtaliya səfərindən öncə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə razılığa gəlinib ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Ermənistan hökumətinin Azərbaycan tərəfindən irəli sürülmüş beş əsas baza prinsiplərini artıq qəbul etdiyini nəzərə alsaq, ümid etmək olar ki, bir neçə ay ərzində sülh sazişi imzalana bilər. Əlbəttə ki, bunun üçün Ermənistanın da eyni iradə nümayiş etdirməsi vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
O, həmçinin bildirib ki, Prezident İlham Əliyev öz müsahibəsində Azərbaycanın müstəqil siyasət aparan bir dövlət olduğunu vurğulamaqla ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi istiqamətində növbəti önəmli bir addım atmış oldu.
“Əlbəttə, nisbətən kiçik ölkələrin özündən daha böyük və daha güclü qonşu dövlətlərin əhatəsində müstəqilliyini qoruyub saxlaya bilməsi heç də asan məsələ deyil. Lakin Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət sayəsində buna nail ola bilib. Öz müsahibəsində dövlətimizin başçısı bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycanın regiondakı münasibətləri çox yaxşı balanslaşdırılıb və bu münasibətlərin öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Azərbaycan hər bir qonşusu ilə ədalətli və səmimi davranır, heç vaxt verdiyi vədləri pozmur. Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyir və bu, fundamental mövqedir. Həmçinin Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin də həlledici regional amil kimi çıxış etdiyini vurğulayaraq bildirdi ki, Türkiyə qlobal səviyyədə güclü dövlətdir və keçən il ölkələrimiz arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamə regional sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, - deyə A.Naxçıvanlı bildirib.
Sonda deputat qeyd edib: “Prezident İlham Əliyev ölkəmizdə italyan şirkətlərinin öz fəaliyyətlərini davam etmələri və daha da genişləndirmələri üçün əlverişli şərait olduğunu vurğulamaqla Azərbaycan-İtaliya əməkdaşlıq əlaqələrinin inkişafında ölkəmizin maraqlı olduğunu da diqqət mərkəzinə çəkib. İtalyan jurnalistini maraqlandıran suallardan biri də Azərbaycanda İtaliya şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsi imkanları ilə bağlı idi və bu, təbiidir. Çünki bu fəaliyyətin miqyası birbaşa ölkələrimiz arasında münasibətlərin xarakterini və inkişaf perspektivlərini obyektiv qiymətləndirmək üçün kifayət qədər tutarlı əsasdır. Ölkə Prezidenti İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda, o cümlədən işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiklərini vurğulayıb və bildirib ki, İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Əlbəttə, Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Bununla belə Azərbaycanda Memorial və Zəfər muzeyləri təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Hər bir azərbaycanlı üçün müqəddəs məkan olan Şuşada tikiləcək yeni məscidin layihəsinin İtaliya şirkətinə həvalə olunması o deməkdir ki, ölkələrimiz arasında çox yüksək dərəcədə etimad var. Həmçinin bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək nəzərdə tutulub. Beləliklə, Azərbaycan-İtaliya tərəfdaşlığı uğurla həyata keçirilir və ölkələrimiz arasında ikitərəfli gündəlik getdikcə genişlənir”, - deyən Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.