Azərbaycan-Litva əlaqələrinin inkişafı ölkəmizin uğurlu siyasi dialoq xəttinin ən bariz nümunələrindəndir

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri, keçirdiyi görüşlər, xüsusilə litvalı həmkarı Gitanas Nauseda ilə görüşü və aparılan danışıqlar Azərbaycan-Litva əlaqələrininin inkişaf etdirilməsinə böyük töhfə verdi. İlk növbəqə qeyd edim ki, Litva ilə Azərbaycanı oxşar tarixi keçmiş birləşdirir, əlbəttə söhbət həm ölkəmizin, həm də Litvanın uzun illər Sovet imperiyasının tərkib hissəsi olmasından gedir. Litva və Azərbaycan arasında suveren əlaqələr isə 1991-ci ildən qurulmağa başlayıb. Bu gün ölkələrimiz artıq suverenliyini tam bərpa etmiş beynəlxalq hüququn müstəqil subyektləri kimi beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq müxtəlif səviyyələrdə əməkdaşlıq edirlər.

İstənilən iki ölkə arasında uğurlu əlaqələrin və əməkdaşlığın başlanğıcı həmin ölkələr arasında diplomatik münasibətlərin düzgün qurulmasından və uğurlu siyasi əlaqələrin yaradılmasından keçir. Bu baxımdan möhtərəm Prezidentimizin uğurla həyata keçirdiyi siyasi dialoq xətti bizim beynəlxalq münasibətlərdə və xarici dövlətlərlə ikitərəfli əlaqələrimizdə qazandığımız müvəffəqiyyətlərin təməlində dayanır. Belə uğurlu siyasi dialoq xətti nəticəsində Azərbaycan ilə dostluq edən ölkələr arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir ki, bu da öz növbəsində gələcək üçün geniş imkanlar açır. Söylədiyimiz bütün bu fikirləri tam əminliklə Azərbaycan-Litva əlaqələrinə də şamil edə bilərik.

Litva həm Avropa İttifaqının, həm də NATO-nun tam hüquqlu üzvüdür. Son dövrlərdə ölkəmizin hər iki təşkilatla, xüsusən Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdirilməsini nəzərə alsaq cənab Prezidentin Litva səfərinin əhəmiyyəti daha aydın görünər. Təsadüfü deyil ki, iki ölkə prezidenti arasında Vilnüsdə baş tutan görüşdən sonra keçirilən brifinqdə Prezident İlham Əliyev vurğuladı ki, Litva Azərbaycanla Avropa Komissiyasının daha yaxın olmaq səylərinə töhfələr verir.

Yeri gəlmişkən qeyd edim ki, cənab Prezidentin keçən il ölkəmizdə rəsmi səviyyədə qəbul etdiyi çoxsaylı xarici qonaqlardan biri də məhz Litva Prezidenti cənab Gitanas Nauseda olmuşdur. Ölkələrimiz arasında bu günə kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Saziş” də daxil olmaqla hərbi, iqtisadi, sosial, gömrük, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə xeyli sazişlər imzalanmışdır. Hazırda Litva Respublikası ilə həm parlamentlərarası işçi qrupu səviyyəsində, həm hökümətlərarası komissiya vasitəsilə dostluq və tərəfdaşlıq fəaliyyətimiz davam edir.

İkinci Qarabağ Müharibəsindəki tarixi Zəfərimizdən sonra bu əlaqələr daha da intensiv xarakter alıb. Litva şirkətləri Azərbaycanın nəqliyyat, tikinti və digər sahələrinə xeyli sərmayələr yatırıb. Ölkələrimiz arasında ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatlarının səviyyəsi hər il artır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən birinə çevrildiyini nəzərə alsaq aydın olar ki, Litva da daxil olmaqla Avropa dövlətləri ilə enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Xüsusən son zamanlar ölkəmizin bərpaolunan enerji mənbələrdən istifadə olunması sahəsində apardığı enerji siyasəti Litva-Azərbaycan münasibətlərinə yeni istiqamət verə bilər. Çünki hər iki ölkə bərpaolunan enerji sahəsində böyük potensiala malikdirlər. Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı mövcuddur. Bu baxımdan ölkələrimiz günəş və külək enerjilərindən istifadə etməklə elektrik enerjisi istehsalını artırmaq sahəsində proqramlarını qarşılıqlı şəkildə əlaqələndirərək bərpaolunan enerji sahələrinə investisiyalar yatırmaq yolu ilə iqtisadi inkişafa böyük töhfə verə bilərlər. Hər iki ölkənin öz regionlarında mühüm daşımalar qovşağı olması da Xəzər və Baltik regionları arasında enerji şəbəkəsinin qurulması imkanını daha da artırır. Əminik ki, cənab Prezidentin son səfəri, həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forumunun keçirilməsi bu sahədə işləri daha da sürətləndirəcək.

Litva səfəri həm də, cənab İlham Əliyevin digər bütün xarici səfərləri kimi Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm platforma rolunu oynadı. Cənab Prezident bir daha bəyan etdi ki, Ermənistan ilə sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir və təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsiplərinə uyğun aparılcaq.

Sonda bir daha qeyd edim ki, Litva Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyən və Şərq Tərəfdaşlığı layihəsində hər zaman bizə dəstək verən ölkələrdən biridir. Azərbaycan özünün sürətlə inkişaf edən beynəlxalq nüfuzuna, cənab Prezidentin müstəqil və güclü siyasi iradəsinə uyğun olaraq, əlbəttə milli maraqlarımızın hər bir zaman üstün tutulması şərti ilə bundan sonra da dost dövlətlərlə əməkdaşlığı daha da inkişaf etdirəcək.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov