“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il keçir. Hər bir tarixi hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu illər ərzində qazanılan uğurlar, təcrübə qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsində stimulverici amildir. 105 ilin zirvəsindən baxdıqda bugünkü qalib Azərbaycanı görərək belə bir əminliyi fəxrlə qeyd edirik ki, müstəqil ölkəmizi hələ bundan sonra daha möhtəşəm uğurlar gözləyir. Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalq kimi tanınır və nüfuz qazanıb. 1918-ci il 28 may tarixində Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi, parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 23 ay mövcud olan AXC müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayandı: “Xalqın sabaha ümidləri itmişdi. Belə bir çətin dövrdə xalq üzünü xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutdu. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı müstəqilliyin sevincini yaşamağa başladı. Yeni Azərbaycan quruldu. O Azərbaycan ki, Ulu Öndər Heydər Əliyev ilk gündən onun dünyaya Günəş kimi doğmasını arzu etdi və düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində bu istəyinə nail oldu.”
Millət vəkili vurğulayıb ki, Ulu Öndərin müstəqilliyimizin əbədiliyini təmin etmək üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir: “Sabitliyin yaradılmasını ən vacib amil kimi önə çəkdi. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycan xalqının ən böyük arzularından biri təbii sərvətlərinin əsl sahibinə çevrilməsi idi. Ümummilli Lider xalqın bu arzusunu da reallığa çevirdi. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu fikir hər zaman vurğulanır ki, neftlə zəngin çox ölkələr var, amma heç də onlara uğur gətirməyib. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən qurması ölkəmizin hərtətrəfli inkişafını təmin edir. Ən əsası əldə olunan gəlirlərin ədalət prinsipi əsasında bərabər bölünməsi, sosial müdafiənin gücləndirilməsi prioritet məsələ kimi öndə dayanır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür.”
Malik Həsənov qeyd edib ki, müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin tarixi paralellər əsasında müqayisəli təhlili günümüzün əsas çağırışları sırasındadır: “İndiki və gələcək nəsillər müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz buna görə Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq Onun xilaskarlıq missiyası gəlir.”
Millət vəkili qürurla bu məqamı da bildirib ki, artıq üçüncü ildir bayramları, tarixi günləri Zəfər ruhunda qeyd edirik: “Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi, bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdi. Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununda da 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi nəzərə alınaraq qərara alınmışdır ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Artıq üçüncü ildir ki, 28 May tarixini Zəfər ruhunda Müstəqillik Günü kimi qeyd edirik.”
Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daim müstəqil siyasətinin fonunda qazandığı uğurları ilə dünyanın diqqətində olacaq.