Azərbaycan ordusu: 105 ilin qəhrəmanlıq səlnaməsi

105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm mərhələ oldu. Lakin digər sahələrdə olduğu kimi, ordu qurulucuğu istiqamətində də bütün işlər yarımçıq qaldı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbiçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. I və II Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.

Müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də xaos yaranmışdı, nizami ordu yox idi. O zaman Azərbaycana rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ümummilli Lider dövlətçilik ənənələrinə sadiq qalaraq 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunması ilə bağlı Fərman imzaladı.

Ulu Öndər hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”! Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!

Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır. Qeyd etmək lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevrildi. Aparılan ardıcıl islahatlar sayəsində gündən-günə möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də yüksək nüfuz qazanmışdır. Azərbaycanın hərbi büdcəsi ildən- ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Rəşadətli əsgərlərimiz yenilməz mətanətlə hər bir Azərbaycan ailəsinin, qadınının və uşağının əmin-amanlığının, sakit həyatının keşiyində dayanır.

   Ölkə başçımız İlham Əliyev hər zaman hərbiçilərin, şəhid və veteranların, onların ailələrin rifahı və sosial müdafiəsi üçün bütün imkanları yaradırsınız. Dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir. Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar çıxışlarında dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaq! Bu, sülh, təhlikəsizlik və əmin-amanlıq üçün çox mühümdür. Bir daha şəhidlərimizi böyük ehtiram hissi ilə yad edir, qazilərimizə şəfa diləyirəm. Bütün əsgər və zabitlərimizi təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram.

 Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova