Azərbaycan Ordusu ölkəmizə qarşı hər hansı bir təhdidi dəf etmək gücündədir

Azərbaycanın Zəfər savaşı ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, həm də darmadağın olunmuş düşmənə işğaldan qurtulan ərazilərdən çıxmağa fürsət yaratmaqla Prezident İlham Əliyevin humanizm prinsiplərini, ölkəmizin sülhpərvər niyyətini göstərdi. Məlum 10 noyabr Bəyannaməsi miskin duruma düşən təcavüzkarın tək kaputilyasiya sənədii deyil, eyni zamanda, Azərbaycanın problemi müharibəsiz həll etmək istəyində səmimiliyinin sübutu idi.

Beləliklə, bütün cəbhə boyu birmənalı tam üstünlüyə malik Azərbaycan düşmənə separatizmə son qoymaq, mehriban qonşuluq şəraitində yaşamaq yolunu seçmək şansı verdi. Azərbaycan vətəndaşlığını qəbul edən, qanunlarımıza tabe olan ermənilərin təhlükəsizliyinə cavabdehlik daşımaqla Xocalı kimi bəşəri qətliama imza atmış düşmənə növbəti dəfə sülh, insanlıq dərsi keçdi. Ancaq təəssüflər olsun ki, qarşı tərəf bütün bunları lazımınca dəyərləndirmədi və öz mənfur xislətini yenidən nümayiş etdirməkdən belə çəkinmədi.

Adı çəkilən üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın bir zaman keçməsinə baxmayaraq, Ermənistan həmin sənəddə əks olunan öhdəlikləri yerinə yetirməkdən yayınır. İndiyə kimi bölgədə qanunsuz erməni silahlı dəstələri saxlayır və bu terrorçu qüvvələr müntəzəm olaraq gərginlik yaratmaqda davam edir.

Bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ermənistan ordusunun qalıqları tərəfindən bölmələrimizin mövqeləri intensiv atəşə tutularaq əsgərimiz Anar Rüstəm oğlu Kazımov şəhid olub. Azərbaycan erməni yaraqlılarının özbaşınalığının son həddi olan bu hadisəyə adekvat cavabını gecikdirmədi. Əvvəllər rəsmi Bakı baş vermiş bu cür təxribatları sərt şəkildə pisləmiş, düşməni belə addımlardan çəkinməyə çağırmışdı. Ali Baş Komandan İlham Əliyev öz çıxışında Azərbaycanın lazımi cavab addımları atmağa hazır olduğunu dəfələrlə bəyan etmişdi.

Bütün bu xəbərdarlıqlar düşmənə təsir etməmiş və son təxribatdan sonra Azərbaycan Ordusu yenidən öz gücünü göstərmişdir. “Qisas” adlanan əməliyyatda bir neçə strateji yüksəklik ordumuzun nəzarəti altına keçmiş, düşmən canlı qüvvə və texnika baxımdan itkilərə məruz qalmışdır.

Azərbaycan Müdafiə Nazirliyinin son əməliyyatı beynəlxalq və ölkə qanunları ilə tam legitim olmaqla yanaşı, düşmənə çirkin niyyətləri ilə bağlı azacıq belə ümid yeri olmadığını, revanşist qüvvələrin bəyanatlarının erməni xalqını məhvə apardığını təsdiqlədi.

Bu gün Azərbaycan Ordusu ölkəmizə qarşı hər hansı bir təhdidi dəf etmək gücündədir. Ermənistan bütün bunlardan lazımi nəticə çıxarmalı və götürdüyü öhdəlikləri dərhal yerinə yetirməklə bağlı real işlərə keçməlidir. Əks halda, Azərbaycan suverenliyini təmin etmək gücünü hər an göstərməyə hazırdır.

Bölgənin lider dövləti kimi Azərbaycan sülh və əməkdaşlıq tərəfdarı olduğunu daim təsdiqləyib. Ermənistan başqa yolu seçərsə, onlar üçün yeganə mesaj Ali Baş Komandanın şüarıdır: ”Dəmir yumruq yerinfədir!” Növbəti zərbə daha sərt ola bilər və bunun bütün məsuliyyəti Ermənistanın başıpozuq siyasi, hərbi rəhbərliyinin üzərindədir.

Rəşad Mahmudov,

Tibb elmləri doktoru

Milli Məclisin deputatı