Azərbaycan öz milli maraqlarını müdafiə edən və güclü siyasi liderə malik dövlətdir

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən 55-ci Dünya İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırdı. Ölkə rəhbərinin televiziya kanalına müsahibəsi Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə əməkdaşlıq, ABŞ-da yeni Tramp administrasiyasının xarici siyasəti, Çin-ABŞ münasibətləri, Orta Dəhlizin perspektivləri, yaşıl enerji, Çinin artan iqtisadi gücü və Bakı-Pekin münasibətləri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu.

Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Bu baxımdan Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir. Azərbaycan Çin, Mərkəzi Asiya, Avropa İttifaqı ölkələri və qardaş Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri quraraq, gələcək siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, eyni zamanda, hərbi təhlükəsizliyini təmin edir.  Beləliklə, CGTN telekanalında yayımlanan müsahibədən belə nəticə çıxır ki, Azərbaycan öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran, müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderə malik olan dövlətdir. Çünki hazırda dünyada, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün müstəqil, balanslı xarici siyasi kurs yürütmək olduqca çətindir. Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, tam müstəqil və həm də qətiyyətli xarici siyasət yürüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə yanaşı, Çinlə strateji tərəfdaşlıq müqaviləsi, Türkiyə, Özbəkistan kimi ölkələrlə müttəfiqlik bəyannaməsi imzalayıb. Beləliklə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionu geniş coğrafiyada sülh, sabitlik və əməkdaşlıq platformasına çevirən siyasət yürüdüb. 

Cənab Prezident İlham Əliyev müsahibəsində ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı ümumbəşəri maraqları təlqin edən prinsipial mövqe nümayiş etdirərək bildirdi ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycan da bu gün məhz bunu edir. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Cənab Prezident bunu da qeyd etdi ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir və heç bir ölkə Çinlə bu rəqabəti apara bilmir. Diqqətəlayiq haldır ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Bununla da dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi.

Anar Məmmədov,

Milli Məclisin deputatı