Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Möhtərəm cənab Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin əsas prinsipi bütün qitələrdə fərqli məkanlarda balanslaşdırılmış güclü siyasi əlaqələr qurmaqla ölkənin beynəlxalq nüfuzunu artırmaq və təhlükəsizliyini təmin etməkdir. Məhz bunun nəticəsidir ki, ölkəmizin son illərdə beynəlxalq mövqeyi xeyli güclənmi, dost və qardaş dövlətlərin sayı artmışdır. Azərbaycanla dostluq və qardaşlıq prinsipləri əsasında əlaqələr quran dövlətlərdən də biri Pakistan Respublikasıdır.
Bildiyimiz kimi uzun illərdir ki, Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan isə İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini bütün platformalarda güclü şəkildə dəstəkləyib. Belə ki, bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman açıq şəkildə bütün dünyaya nümayiş etdirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Eyni zamanda, Azərbaycan dövləti də bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Pakistan ilə Azərbaycan arasında olan əməkdaşlığın ən ürəkaçan məqamı isə ondan ibarətdir ki, hər iki tərəfin bütün əldə olunan uğurları qorumağa və daha da inkişaf etdirməyə dair öz üzərinə düşən öhdəliyi yerinə yetirməyə maraqlı olmasıdır.
Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin iyulunda Pakistana səfəri zamanı və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu ilin fevralında Bakıda aparılan danışıqlar, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər Azərbaycan-Pakistan tətəfdaşlığının yeni mərhələsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan digər tədbirlər, iki ölkə arasında münasibətlərinin strateji,qarşılıqlı və regional kontekstlərdə çəkisini ortaya qoyur. Görünür ki, həmişə olduğu kimi, yeni mərhələdə də Azərbaycan-Pakistan tərəfdaşlığının zənginləşdirilməsinə münasibətdə siyasi iradə və siyasi istək ortadadır.
Ölkələrimiz arasında əsl qardaşlığa, etimada və səmimiyyətə əsaslanan dərin köklü əlaqələr Azərbaycan-Pakistan münasibətlərinin genişlənməsi və dərinləşməsi üçün ciddi əsaslar yaradıb və mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan-Pakistan münasibətləri çox güvənli strategiyaya söykənən münüsibətlərdir və ölkəmizə qarşı artan təzyiq və təhdidlər fonunda çox mühüm çəkindirici güc funksiyasını yerinə yetirə və Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə güclü dəstək verə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxışları zamanı səsləndirildiyi kimi, Azərbaycan və Pakistan ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı surətdə dəstək verir, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir və iştirak etdikləri bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. İki qardaş ölkə beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə dəstəyi davam etdirəcək
Əminə Ağazadə
Milli Məclisin deputatı