Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Bakı növbəti dəfə çox böyük və mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki çıxışında bir sıra vacib məqamlara toxundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.
Deputat bildirib ki, dövlətimizin başçısı ilk dəfə mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə ortaya qoydu və bu ayrı-seçkiliyi islamofobiya, yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı. Prezident İlham Əliyev bu ilin martında keçirilən sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Azərbaycan Lideri Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməsini təklif edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almaları məsələsini qaldırdı. Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu diqqətə çatdıran dövlətimizin başçısı vurğuladı ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
“Dövlətimizin başçısı, həmçinin hazırda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransanın neokolonist baxışlarını və regionda sülhə qarşı olan mövqeyini dünyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyevin rəsmi Parisi Qəmər adalarının öz torpağı üzərində suverenliyinə, dənizaşırı ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırması və bu qəbildən olan digər fikirləri, həmçinin Makrondan hələ də Paris muzeyində müharibə qənimətləri kimi saxlanılan əlcəzairli azadlıq mücahidlərinin kəllə sümüklərini vətənlərinə göndərilməsini tələb etməsi Makrona və ölkəsinə qarşı olan beynəlxalq auditoriyada tərs şapalaq oldu. Azərbaycan Prezidenti haqlı olaraq bildirdi ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Dövlətimizin başçısı ötən həftə Fransa polisinin 17 yaşlı əlcəzairli gənci qətlə yetirməsini də çox haqlı olaraq onun soydaşlarına yanaşmada yeridilən çoxəsrlik siyasətin davamı kimi qiymətləndirdi”, - deyə A.Məmmədov qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin verdiyi ən mühüm mesajlardan biri isə Ermənistana və onu müdafiə edən antisülh blokuna ünvanlanıb. Regionda sülh istəməyən Fransa, Hindistan, İran kimi ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar, çünki dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Qoşulmama Hərəkatı üzvlərinin, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.
Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı.