Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib, qətnamə qəbul olunub.
Sabahinfo.az xəbər verir ki, sənəd 13 bənddən ibarətdir.
Qətnamədə vurğulanıb ki, qurultayda müəyyən edilən vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılmalı və qurultayarası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunmalıdır.
16:43
Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Sabahinfo.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda 600-ə yaxın qadın bir araya gəlib.
Tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son 20 ildə iş dünyasında qadınların rolu və çəkisi artıb. Onun sözlərinə görə, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır.
Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bundan sonra da cəmiyyətdə qadınların imkanlarının genişləndirilməsi və onlara şərait yaradılması istiqamətində atılan addımları davam etdirəcək.
Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Qarabağda qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, qadın haqlarından danışıb, Türkiyənin bu istiqamətdə atdığı addımlardan söz açıb.
Tədbirdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, Ombudsman Səbinə Əliyeva və digər şəxslər çıxış ediblər.
Qurultay panel müzakirələrlə başa çatıb.
10:10
Bakının "Gülüstan" sarayında Azərbaycan Qadınlarının VI Qurultayı başlayıb.
Sabahinfo.az xəbər verir ki, ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir.
Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olacaq.
Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edir.
Çıxışçılar yuxarıda qeyd olunan məsələləri müzakirə edəcək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.